Sənədlər məxfiləşdirildi: Ələ keçməməsi üçün

Sənədlər məxfiləşdirildi: Ələ keçməməsi üçün

Böyük Britaniya rəsmiləri təhlükəsizlik tədbirlərini sərtləşdirib və bəzi ticarət sənədlərini daha məxfi kateqoriyaya salıblar. 

Məqsəd bu sənədlərin kənar şəxslərə sızdırılmasının və ABŞ-nin əlinə keçməsinin qarşısını almaqdır. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “The Guardian” məlumat verib. Nəşr yazır ki, bu addımlar Londonla Vaşinqton arasında ticarət və xarici siyasət sahəsində yaranan gərginliklə bağlıdır. Əvvəllər ABŞ ilə ticarətə aid sənədlər sadəcə “rəsmi məxfi” kimi qiymətləndirilirdi və məmurlar onları daxili e_mail vasitəsilə paylaşa bilirdilər. İndi isə Xarici İşlər Nazirliyi və Biznes-Ticarət Nazirliyinə aid, Britaniyanın danışıqlardakı mövqeyini göstərən sənədlərə “gizli” və “tam gizli” qrifləri qoyulub. Bundan başqa, rəsmilərə bu sənədləri necə göndərmək və məlumat sızmasının qarşısını necə almaqla bağlı yeni təlimatlar verilib. Digər mənbələr bildiriblər ki, Biznes və Ticarət Nazirliyi ilə işləyən şirkətlərə də əlavə ehtiyat tədbirləri görmək tövsiyə olunub.

“Financial Times” yazmışdı ki, Avropa Komissiyası ABŞ-a gedən məmurlara casusluğun qarşısını almaq üçün birdəfəlik telefonlar və sadə noutbuklar verir. Aprelin 3-dən etibarən ABŞ bütün idxal avtomobillərinə 25% gömrük rüsumu tətbiq edib. Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds bildirib ki, London bu qərara cavab olaraq müxtəlif tədbirləri nəzərdən keçirir. 

Səbinə Uğur 
"Cebheinfo.az"