“Taliban” lideri: “Qərbdən gələn qanunlara ehtiyac yoxdur”

“Taliban” lideri: “Qərbdən gələn qanunlara ehtiyac yoxdur”

“Taliban” lideri Heybətullah Axundzadə bildirib ki, Əfqanıstanda Qərb qanunlarına ehtiyac yoxdur və şəriət qanunları qüvvədə olduğu müddətcə demokratiya ölüb.

"Cebheinfo.az" "The New Arab"-a istinadən bildirir ki, Heybətullah Axundzadə bu fikirləri Fitr bayramı (İd əl-Fitr) münasibətilə cənubdakı

Qəndəhar şəhərində yerləşən Eidgah məscidindəki xütbəsində səsləndirib.

Onun 50 dəqiqəlik audio müraciəti “Taliban” hökumətinin baş mətbuat katibi Zabiullah Mücahid tərəfindən "X" platformasında yayımlanıb.

"Qərbdən gələn qanunlara ehtiyac yoxdur. Biz öz qanunlarımızı yaradacağıq", - deyə Axundzadə puştuca çıxışında vurğulayıb və İslam qanunlarının əhəmiyyətini xüsusi qeyd edib. 

Axundzadə Qərbi tənqid edərək bildirib ki, "kafirlər" müsəlmanlara qarşı birləşiblər. O, ABŞ və digər ölkələrin İslama qarşı düşmən mövqedə olduğunu və İsrailin Qəzza zolağında apardığı müharibəni buna misal olduğunu deyib.

O, Əfqanıstanda demokratiyanın başa çatdığını və artıq şəriət qanunlarının qüvvədə olduğunu bəyan edərək, demokratiya tərəfdarlarını Taliban hökumətini xalqdan ayırmağa çalışmaqda ittiham edib.

Xatırladaq ki, “Taliban”ın şəriət qanunlarına  sərt yanaşması Əfqanıstanda qadın və qızların təhsildən, bir çox iş yerlərindən və ictimai məkanlardan uzaqlaşdırılmasına səbəb olub.

Bu cür məhdudiyyətlər “Taliban”ı beynəlxalq arenada təcrid edib, lakin Çin və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bəzi ölkələrlə diplomatik əlaqələr qurub.

Bəzi “Taliban” üzvləri beynəlxalq ictimaiyyətlə daha sıx əməkdaşlıq etməyə və xarici dəstək cəlb etmək üçün daha yumşaq siyasət yürütməyə çağırırlar.

Son aylarda “Taliban” və ABŞ arasında, əsir mübadiləsi və azadlığa buraxılma məsələlərinə görə, əlaqələrin artdığı müşahidə olunur.

Səbinə Uğur 
"Cebheinfo.az"