Zelenski İrana qarşı 50 illik sanksiya istəyib

Zelenski İrana qarşı 50 illik sanksiya istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) qərarını təsdiq edən qətnamə layihəsi təqdim edib.

“Report” xəbər verir ki, buna əsasən Kiyev İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq edəcək.

Ukrayna parlamentinin saytının məlumatına görə, Zelenski layihəni şənbə günü təqdim edib, o, artıq baxılmaq üçün müvafiq komitəyə və deputatlara göndərilib.

Qeyd edək ki, MTMŞ mayın 27-də İrana qarşı sanksiyalarla bağlı qərar qəbul edib, eyni zamanda Zelenski də öz fərmanı ilə bunu təsdiqləyib. Məhdudlaşdırıcı tədbirlər digər məsələlərlə yanaşı, Ukrayna qanunları ilə tənzimlənən aspektlərə də təsir etdiyi üçün qərar parlament tərəfindən təsdiqlənməlidir.

Sənədin əlavəsinə əsasən, İrana qarşı sanksiyalar 50 il müddətinə tətbiq olunacaq. Sanksiyalar özündə İranla ticarət əməliyyatlarına tam qadağa qoyulmasını, İran vətəndaşlarının Ukrayna ərazisindən tranzit resurslarının, uçuşların və daşımaların dayandırılmasını, Kiyevin İran vətəndaşlarına münasibətdə iqtisadi və maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etməsini və texnologiyaların və əqli mülkiyyət obyektlərinə hüquqların onlara ötürülməsini ehtiva edir. Bundan başqa, Ukraynada İran vətəndaşlarının elektron ödənişlərinə xidmət göstərilməyəcək.

Cebhe.info