Qazaxın qaytarılan 4 kəndində nə qədər əhali yaşayırdı? - ARAŞDIRMA

Qazaxın qaytarılan 4 kəndində nə qədər əhali yaşayırdı? - ARAŞDIRMA

Məlum olduğu kimi, Qazaxın 4 kəndi Azərbaycana geri qaytarılıb.

Bu barədə qərar 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə qəbul edilib. Görüşdə Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılığa gəlinib.

Bəs Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərində işğaldan əvvəl nə qədər əhali yaşayırdı?

“Cebhe.info” bununla bağlı araşdırma aparıb: 

• Bağanis Ayrım 

Bağanis Ayrım kəndi Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəddir. Qazax rayonunun Bağanis Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə ermənilərin hücumuna məruz qalıb, martın 24-ü səhər saatlarında işğal edilib. Bağanis Ayrım ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi də tarixə keçib. İşğal zamanı kəndin əhalisinə qarşı divan tutulub, 10 nəfər qətlə yetirilib, 15 nəfərdən çox insan da yaralanıb. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 610 nəfər yaşayırdı. Əhalinin 288 nəfəri kişilər, 322 nəfəri qadınlardan ibarət idi. Əhali işğaldan sonra Qazax rayonunun digər kəndlərində məskunlaşmağa məcbur qalmışdılar. 

• Aşağı Əskipara 

Aşağı Əskipara Coğaz çayının sol sahilində, Qazançı dağın ətəyində yerləşir. Kənd 14 iyun 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Aşağı Əskipara kəndi işğal olunanda əhalisi 1317 nəfər idi. Onlar da işğaldan sonra isə Qazax rayonunun müxtəlif hissələrində məskunlaşıblar. 

• Xeyrimli 

Xeyrimli Qazax rayonunun inzibati ərazi vahidində yerləşən kənddir. Kənd 8 mart 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2009-cu ilin siyahıyaalınmasına əsasən bu kənddə 290 nəfər əhali yaşayırdı. Əhalinin 134 nəfəri kişilər, 156 nəfəri isə qadınlardan ibarət idi. 

• Qızılhacılı 

Qızılhacılı kəndi Qazax rayonunun inzibati ərazi vahidində yerləşir. Kənd 11 may 1992-ci ildən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Qızılhacılı kəndi Qarabağ müharibəsi dövründə Ermənistan ordusu tərəfindən tam işğal olunub və dağıdılıb.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə işğaldan əvvəl 266 nəfər yaşayırdı. 

Əhalinin 127 nəfəri kişilər, 139 nəfəri qadınlardan ibarət idi. 

Elmir Mustafa 
Cebhe.info”