Azərbaycanda kəskin ucuzlaşma üçün son 1 ay...

Azərbaycanda kəskin ucuzlaşma üçün son 1 ay...

Ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən Rəqabət Məcəlləsi iyulun 1-dən qüvvəyə minəcək. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev bildirib ki, aparılan bazar araşdırmaları, həmçinin, quruma daxil olan müraciətlərin araşdırılması zamanı müxtəlif sahələr üzrə fəaliyyət göstərən bir sıra bazar subyektlərinin rəqabət qanunvericiliyinin tələblərinə tam əməl etmədiyi müəyyən olunub: 

“2023-cü ildə həyata keçirilən bazar araşdırmaları zamanı maliyyə (bank), turizm, tibbi xidmət, təmizləyici vasitələrin idxalı və satışı, gigiyenik vasitələrin satışı (krem), ət məhsulları (kolbasa, sosiska) və dondurma istehsalı bazarında fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən məhsulların istehsalı və satışı zamanı rəqabət qanunvericiliyinə uyğunluğu təhlil edilib. Toplanmış materiallar əsasında tərəfimizdən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və qanunamüvafiq tədbirlər görülüb. 

Sadalanan sahələr üzrə ən çox ət və dondurma məhsulları bazarında fəaliyyət göstərən təsərrüfat subyektləri haqsız rəqabət hallarına yol verirlər. Belə ki, mövcud qanunvericiliyi pozmaqla ət məhsullarının istehsalı və satışı ilə məşğul olan 14, dondurma istehsalı və satışını həyata keçirən 6 bazar subyekti barəsində qanunauyğun tədbirlər görülüb.

Xidmətə daxil olan müraciətlərin araşdırılması zamanı, həmçinin, un, yumurta, qənd, alkoqollu içki, maye sabun istehsalı və satışı, elektrik avadanlıqlarının satışı, sərnişindaşıma xidmətləri üzrə fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən haqsız rəqabət hallarına yol verildiyi müəyyən edilib. Göstərilən sahələr üzrə ən çox alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərinin qanunvericiliyi pozduğu məlum olub, araşdırma nəticəsində bu sahə üzrə 4 bazar subyekti barəsində müəyyən edilmiş tələblərə uyğun tədbirlər görülüb”. 

Qeyd edək ki, bu gün ölkədə bir sıra sahələrdə rəqabət mühiti müşahidə edilmir və bəzi mütəxəssislər bu sahədə əsas problemi Rəqabət Məcəlləsinin qüvvədə olmaması ilə əlaqələndirirlər.  Haqsız rəqabət Azərbaycanda əsasən hansı sahələrdə özünü göstərir? 

İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, "haqsız rəqabət" ifadəsi Azərbaycan cəmiyyəti, iqtisadiyatı üçün yeni termindir: 

“Birincisi, ölkəmizin iqtisadiyyatında rəqabət demək olar ki, mövcud deyil, haqsız rəqabətin olması üçün azad rəqabət olmalıdır. Haqsız rəqabət nisbi bir anlayışdır və bu cür rəqabəti sübut etmək lazımdır. Haqsız rəqabətlə bağlı biz universitetdə təhsl alan vaxt bir nümunə göstərirdilər ki, Amerikanın bir kompüter satan şirkəti  öz rəqiblərini müflisləşdirmək üçün kompüterləri daha ucuz qiymətə satırmış. Rəqabət Məcəlləsini icra edən orqan düşünür ki, kompüter istehsalı minimum 200 dollara başa gəlirsə, necə olur ki, 150 dollara satırlar?

Məlum olur ki, bu,  həmin şirkətin strategiyasıdır və istehsal etdiyi kompüteri dəyərindən 50 dollar aşağı satır, digər kapitalı az olan sahibkarları müflisləşdirir və sıradan çıxarır. Amerikanın Rəqabət Məcəlləsində göstərilir ki, bazar şəraiti olmadan məhsulu dəyərindən aşağı satmaq olmaz. Bazar şəraiti dedikdə,  bəzən təklif o qədər artır ki, tələbi 3 dəfə üstələyir. O zaman sahibkarlar məcbur qalıb məhsulun və ya xidmətin qiymətini hədsiz dərəcədə aşağı salırlar və hətta dəyərindən aşağı düşür.

Məsələn, neftin qiyməti dünya bazarında 16 dollara qədər düşdü və onda neft dəyərindən ucuz qiymətə satıldı. Yəni haqsız rəqabət budur. Qarşı tərəfi müflisləşdirmək üçün əmtəəni, məhsulu məqsədyönlü şəkildə maya  dəyərindən aşağı qiymətə satırlar. Azərbaycanda belə bir hal müşahidə olunmur. Hansı azad rəqabətdən söhbət gedə bilər?"

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda inhisarçılar qiyməti diqtə edirlər: 

“Hazırda bir qədər taksi fəaliyyəti rəqabətli mühitdədir. Bir də kənd təsərrüfatı məhsullarında inhisardankənar subyektlər var ki, onların da rəqabəti gözə dəymir. Mənim üçün də maraqlıdır ki, Azərbaycanda  rəqabət hansı sahədədir. Haqsız rəqabətlə bağlı fikir yürüdən qurum da bildirməlidir ki, bu, hansı sahədədir. Haqsız rəqabəti müəyyən etməyin hüquqi bazası yoxdur. Bu gün ölkədə Rəqabət Məcəlləsi qüvvəyə minməyib. Haqsız rəqabət məhkəmə ilə müəyyən olunmalıdır.

Çünki onu müəyyən etmək çətin məsələdir. Rəqabət bazar iqtisadiyyatında qiymətləri ucuzlaşdırmaq, optimallaşdırmaq üçün bir mexanizmdir. Ancaq bir şirkət hədsiz dərəcədə məhsulun qiymətini aşağı salırsa, nəzarət edən dövlət qurumu rəqabət olduğu halda bundan şübhələnməlidir. Ancaq bu gün belə bir hal yoxdur. Fikrimcə, Azərbaycanda rəqabət mühiti yoxdur ki, rəqabət və onunla yanaşı haqsız rəqabət olsun. Haqsız rəqabəti müəyyən etməyin hüquqi bazası yoxdur. Çünki Rəqabət Məcəlləsi də hələ iyulun 1-dən qüvvədə olacaq”.          

Nigar Abdullayeva
“Cebhe.info”