Hökumətdən hələ də cavab yoxdur: Toyuq və yumurta bahalaşacaq

Hökumətdən hələ də cavab yoxdur: Toyuq və yumurta bahalaşacaq

Son illər Azərbaycanda aqrar sahənin maddi-texniki təminatının yaxşılaşdırılması və bu sahədə istehsal xərclərinin azaldılması məqsədilə idxal edilən istehsal vasitələri ilə bağı bir sıra güzəştlər tətbiq edilir.

Daha dəqiq desək, söhbət ötən ilin may ayında Nazirlər Kabinetinin (NK) qərarı ilə xaricdən idxal edilən bir sıra heyvan yemlərinin gömrük rüsumundan azad edilməsindən gedir.

Belə ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarıyla “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilmiş, Azərbaycana idxal edilən heyvan yemləri və əlavələri 15 faiz gömrük rüsumundan azad edilmişdi.

Bu qərar kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsi ət, süd və yumurta istehsalında idxalı əvəzetmə baxımından oduqca əhəmiyyətli idi. Həmçinin, gömrük rüsumunun ləğvi, heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin və istehsal olunan aqrar məhsulların qiymətinin sabit qalmasına səbəb oldurdu. Lakin sözügedən qərar ötən ilin 31-dekabr tarixinədək qüvvədə idi.

Qeyd edək ki, bu müddət artıq başa çatıb. Məhz ötən il yem və yem əlavələrinin gömrük rüsumundan azad olunması nəticəsində quş əti o qədər də yüksək bahalaşmaya səbəb olmadı. Bu isə ət bazarında mövcud bahalaşma ilə bağlı maddi vəziyyəti o qədər də yüksək olmayan insanların toyuq ətinə üstünlük verməsinə gətirib çıxardı. Artıq yeni ilin başlanmasından 1 aya yaxın vaxt keçir və bu sahədə gözlənilən qərar hələ də qəbul edilməyib.

Beləliklə, yem əlavələri və yem məhsullarının idxalı yenidən ƏDV-yə və rüsuma cəlb olunarsa, bu, Azərbaycanın quşçuluq təsərrüfatlarının xərclərinin artmasına və nəticədə quş ətinin bahalaşmasına gətirib çıxara bilər.

Bu istiqamətdə yeni qərar öz təsdiqini tapmasa, quş əti bazarını nə gözləyir?

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Cebhe.info-ya bildirdi ki, bu istiqamətdə hələ bir qərar qəbul edilməyib:

“ümid edirik ki, bu istiqamətdə sənəd təsdiqlənəcək. Əgər təsdiqlənməsə, həqiqətən də Azərbaycanda toyuq əti və süfrə yumurtasının qiymətlərində ciddi artım gözlənilir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası oktyabrın 11-də məsələ ilə bağlı müvafiq quruma müraciət edib. Sənəd Kənd Təsərrüfatı Nazirliyindən dekabrın 23-də müvafiq quruma təqdim edilib. Hazırda sənəd Ədliyyə Nazirliyindədir.

Bu gün Ədliyyə Nazirliyindən Nazirlər Kabinetinə təqdim edilməlidir. Sonra da Nazirlər Kabineti üzərini yazıb Prezidentin sərəncamına göndərməlidir. Ən azından bu ay götürməsələr də gələn ay müəyyən reaksiya gözlənilir”.

Nigar Abdullayeva
Cebhe.info