Çin dünyanın ən elastik robotunu təqdim etdi

Çin Elmlər Akademiyasının Avtomatlaşdırma İnstitutunun mütəxəssisləri "CyberSense" adlı yeni, elastik bir robot hazırlayıblar.
Bu robot beyinə çox incə mikroelektrodların yüksək dəqiqliklə implantasiyası üçün nəzərdə tutulub və beyin-kompüter interfeysləri (BCI) sahəsində ciddi texnoloji sıçrayış sayılır.
"Cebheinfo.az" xəbər verir ki, "CyberSense" robotu artıq heyvanların beyninə elektrodları zərif şəkildə yerləşdirə bilib.
Prosedur zamanı travma riski minimuma endirilir və neyroelm sahəsində yeni tədqiqat imkanları yaranır.
Tədqiqatçı Yu Şan bildirib ki, bu gün istifadə olunan elektrodlar insan tükündən də incədir.
Bu, həm beyin toxumasına zərərin qarşısını alır, həm də orqanizmin implantı rəddetmə ehtimalını azaldır.
Onun sözlərinə görə, insan əli beyin toxuması kimi "tofu qədər yumşaq" bir struktura bu dərəcədə dəqiq müdaxilə edə bilmir.
Bu baxımdan robot-cərrah əvəzolunmazdır.Qeyd edək ki, "CyberSense" artıq digər elm mərkəzlərinin o cümlədən Çin Elmlər Akademiyasının Yarımkeçiricilər İnstitutu və Şençjendə yerləşən "We-Linking" şirkətinin hazırladığı elektrodlarla sınaqdan keçirilib.
Bu cür əməkdaşlıqlar neyroelektrofiziologiya sahəsində araşdırmaların irəliləməsinə kömək edir. Alimlər gələcəkdə bu texnologiyanı daha da inkişaf etdirərək Çin üçün beyin-kompüter interfeysləri sahəsində yeni mərhələyə keçmək istəyirlər.
Qeyd edək ki, Britaniyanın Milli Səhiyyə Xidməti bu ilin əvvəlində insan əhval-ruhiyyəsini yaxşılaşdırmağa yönəlmiş beyin implantlarının sınaqlarına başlayıb. Cihaz beyindəki müəyyən neyron qruplarını "aktivləşdirmək" üçün xüsusi ultrasəs impulsları göndərməyə qadirdir.
Bu texnologiyanın məqsədi, xüsusilə depressiya və digər psixi sağlamlıq problemləri yaşayan insanlarda emosional vəziyyəti sabitləşdirməkdir. Əgər sınaqlar uğurlu alınsa, bu texnologiya gələcəkdə psixonevroloji müalicələrdə inqilabi dəyişikliklərə yol aça bilər.
Səbinə Uğur
"Cebheinfo.az"