Məşhur aktyor Trampa "cahil" dedi

78-ci Kann Film Festivalında "Fəxri Qızıl Palma" mükafatına layiq görülən amerikalı aktyor Robert De Niro çıxışında ABŞ Prezidenti Donald Trampı sərt şəkildə tənqid edib.
“Cebheinfo.az” xəbər verir ki, De Niro mükafatını tanınmış aktyor Leonardo Di Kapriodan alıb.
O, səhnədəki çıxışında, "İncəsənət həqiqətin izindədir. İncəsənət müxtəlifliyi qucaqlayar. Məhz buna görə incəsənət və biz sənətçilər dünyanın avtokratları və faşistləri üçün təhdidik",- deyib.
Daha sonra De Niro Tramp haqqında "Amerikanın cahil Prezidenti özünü ölkənin aparıcı mədəniyyət qurumlarından birinin rəhbəri təyin etdi. İncəsənətə, humanitar elmlərə və təhsilə ayrılan maliyyə və dəstəyi kəsdi. İndi isə ABŞ xaricində istehsal olunan filmlərə 100% gömrük rüsumu tətbiq edəcəyini bəyan edib. Yaradıcılığa qiymət qoymaq mümkün deyil, amma görünür, ona vergi tətbiq etmək mümkündür",-deyib.
Robert De Niro bu qərarların qəbuledilməz olduğunu vurğulayıb:
"Bu, sadəcə Amerikanın problemi deyil, bu, qlobal bir problemdir. Film izləyirmiş kimi sakitcə oturub baxa bilmərik. Hərəkətə keçməliyik və bunu dərhal etməliyik. Azadlığa dəyər verən hər kəs üçün artıq təşkilatlanmaq və fəaliyyətə başlamaq zamanıdır".
Əfsanə Rəcəb
“Cebheinfo.az”