Azad Vətən Partiyasının baxışı: Zəfərdən zəfərlərə doğru
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, əsrlər boyu torpağımıza, dövlətçiliyimizə, insanlarımıza düşmən kəsilmiş erməni adlı nankor qüvvəyə qarşı apardığımız azadlıq mübarizəsində birdəfəlik olaraq məqsədinə çatdı.
Daha düşmən ərazilərimizi işğal edə, şəhər və kəndlərimizi dağıda, insanlarımızı əsarətə ala bilməyəcək. Nə erməni terrorçuları, nə də Ermənistan adlı oyuncaq dövlətin rəhbərləri Bakını işğal edib burada çay içməkdən, Şuşada qol-boyun olub yallı getməkdən danışa və həzz ala bilməyəcəklər. Biz qalib millət, qalib xalq, qalib dövlətik!
Böyük Zəfər bayramı münasibətilə Xankəndidə hərbi paradda iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyev çıxış edərək deyib:
“Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın”.
Dövlət başçısının dediyi bu sözlər bu gün beynəlxalq siyasi dairələrin reallığıdır. Başqa sözlə, ölkəmiz Cənubi Qafqazın lider dövlətidir və onsuz regionda hər hansı iqtisadi və siyasi layihənin reallaşdırılması mümkünsüzdür. Belə bir yüksək məqama yüksəlmək olduqca çətin prosesdir və hər ölkəyə nəsib olmur. Çünki, strateji və taktiki, istər siyasi, istərsə də iqtisadi addımlar dəqiqliklə ölçülüb biçilməli, tam şəkildə yerinə yetirilməlidir. Azərbaycan bu tarixi yolu uğurla keçib və əzmlə davam etdirir. Bütün bu uğurların önündə, etiraf etmək lazımdır ki, Prezident İlham Əliyev gedir.
Keçilən yolun çətinliyinə və mürəkkəbliyinə diqqət edəndə aşkar görünür ki, yalnız İlham Əliyev səviyyəsində bir rəhbər belə uğura imza ata bilərdi. Bu fakt təkcə Azərbaycandan deyil, dünyanın bütün guşələrindən baxanda aydın görünür. Buna neçə-neçə misal çəkmək olar.
Ukrayna Silahlı Qüvvələrinin zabiti, hərbi-siyasi şərhçi Taras Berezovets böyük Zəfərlə bağlı Report İnformasiya Agentliyinin Şərqi Avropa bürosuna açıqlamasında deyib: “Əlbəttə ki, bu qələbə uzun illər ərzində Silahlı Qüvvələrdə aparılan islahatlarsız mümkün olmazdı. Bu islahatlar ardıcıl şəkildə həyata keçirilib. Mən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənizə dəvət olunmaq şərəfinə nail olmuşam. Nəticədə Azərbaycan Ordusunda həyata keçirilən islahatları gözlərimlə görmüşəm. Əslində, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü necə bərpa edəcəyinə də nümunədir. Ukrayna NATO standartlarına uyğun ordu yaratdıqdan sonra məhz belə hərbi qələbə qazanmalıdır. Ukraynanın strateji baxımdan dostu olan Azərbaycanın qələbəsi isə şübhəsiz, bizim üçün çox əla xəbərdir və bu münasibətlə hər kəsi təbrik edirəm”.
Heç şübhəsiz, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi uğrunda dövlət başçısının rəhbərliyi ilə xalqın qətiyyətli mübarizəsi davam edəcək. Əhalinin rifah halının yaxşılaşdırılması üçün sosial layihələr gücləndiriləcək, işğaldan azad edilmiş bölgələr sürətlə yenidən tikiləcək, abadlaşdırılacaq. İlham Əliyevin prezidentlik imicini formalaşdıran və məşhurlaşdıran, habelə müasir situasiyada optimal inkişaf yolunun tapılmasında əhəmiyyətli rol oynayan məsələlər bunlardır. Bu panoram həm ölkə daxilində, həm də xaricdə aydın görünür və təqdir olunur. Ola bilər ki, xaricdə kimlərəsə sərf etməsin, amma Azərbaycan xalqı öz rəhbərinə inanır və etibar edir.
Azad Vətən Partiyasının İnformasiya və təhlil mərkəzi
Cebhe.info