Bəhruz Məhərrəmov: “Kölə jurnalistlər ordusuna malik Amerika ...”

“Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı açıqlamasında Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə dair çağırışı ucuz populizmdir və Birləşmiş Ştatların qeyri-dost niyyətindən xəbər verir. Görünən odur ki, Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində qələbəsi ilə yaratdığı geosiyasi reallıq ABŞ-də diskomfort yaratmaqda davam edir”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. B.Məhərrəmov deyib ki, Vaşinqton ənənəsinə uyğun olaraq "insan haqları" və "demokratiya" kimi amillərlə pərdələnərək Azərbaycan dövlətinin daxili işinə qarışmağa, o cümlədən tarixinin ən sabit və ən güclü dövrünə qədəm qoymuş Azərbaycanda daxili gərginlik mühiti formalaşdırmaqla "parçala və hökm sür" siyasəti həyata keçirməyi arzulayır:
“ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəmizi "haqsız yerə həbs edilmiş bütün şəxsləri azad etməyə" çağırmaqla 1961-ci il Vyana Konvensiyasının tələblərini kobud şəkildə pozmaqla bərabər, həm də Azərbaycan ədalət mühakiməsi və digər cinayət təqibi orqanlarının fəaliyyətini şübhə altına almağa cəhd edib, Azərbaycan dövlət hakimiyyəti orqanlarını etibarsızlaşdırmağa çalışır. Əgər Vaşinqtonu həqiqətən də insan haqları və demokratiya maraqlandırırsa, Amerika Birləşmiş Ştatları ilk növbədə öz sərhədləri daxilində bu meyarlara hörmətlə yanaşmalıdır. Ölkədə ana müxalifətin prezidentliyə əsas namizədinin hər kəsin gözü qarşısında güllələnməyə cəhd edilməsi, habelə ona münasibətdə bütün məhkəmə və inzibati orqanların gücündən tam şəkildə istifadə olunması fonunda ABŞ "demokratik dəyərlərdən dərs keçmək" niyyətini bir kənara qoymalı, ilk növbədə öz daxilində müşahidə olunan yolverilməz nöqsanlara köklənməlidir. "Azad media" adı altında Dövlət Departamenti, yaxud digər aidiyyəti mərkəzi orqanların orbitində fəaliyyət göstərən muzdlu və asılı-kölə jurnalistlər ordusuna malik Amerika Birləşmiş Ştatlarının Azərbaycanda media və jurnalistika fəaliyyətinə dair çağırış və bəyanatları riyakarlıqdır və birmənalı şəkildə rədd edilməlidir”.
Bəhruz Məhərrəmov əlavə edib ki, jurnalist araşdırmalarına görə illərdir Culian Assanja qeyri-insani davranışların və məhrumiyyətlərin kökündə dayanan bir dövlətin səfirliyi Bakıda "demokratiya üçün canlı müstəqil medianın əhəmiyyəti" barədə danışa bilməz:
“ABŞ-nin Azərbaycandakı səfirliyini beynəlxalq hüquqla üzərinə düşən vəzifələrə yönəlməyə, xüsusən Vaşinqtonun regionda qeyri-adekvat, pozucu və imperialist niyyətləri fonunda nisbətən xoş olmayan məcraya qədəm qoymuş münasibətlərimizin yaxşılaşdırılması istiqamətində təxribat xarakteri daşımayan, real, faydalı və səmimi fəaliyyətə dəvət edirik”.
Vilayət Muxtar
“Cebheinfo.az”