Azərbaycanda unikal layihə: Sevginizi ağaclarla bildirin - MÜSAHİBƏ 

Azərbaycanda unikal layihə: Sevginizi ağaclarla bildirin - MÜSAHİBƏ 

Bağ salmaq, ağac əkmək, bar verən ağacın meyvəsindən dadmaq və ya ağacın kölgəsində oturmaq insana həm ruhi sakitlik, həm də zövq verir.

Yaşamaq üçün yaşıllığın nə qədər vacib olduğunu dərk edən Azərbaycan insanı məskən saldığı yerdə mütləq ağac əkər, gül toxumları səpər. Bu ənənə həmişə olub, lakin son zamanlar texnologoyanın inkişafı, əhalinin artımı, böyük şəhərlərin salınması, nəqliyyatın inkişafı təbiətə müdaxiləni qaçılmaz edir.

Ona görə də imkan olduqca bu tarazlığı qorumaq üçün kütləvi şəkildə ağacəkmə kampaniyaları həyata keçirilir. Hazırda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Yaşıl Gələcək” adlı ağacəkmə layihəsinə start verib. Bu layihə çərçivəsində insanlar təbiətə töhfə vermək üçün sadəcə ağacın əkilməsini yaradılan platforma üzərindən sifariş verə bilərlər. Sifariş verilən ağacı həm öz adlarına, həm də sevdikləri insanların adına əkdirərək onlara hədiyyə edə bilərlər. Ən böyük hədiyyə də sənin adına olan ağacın təbiətdə boy atması, təbiətə töhfə verməsidir.

Layihə haqqında Cebhe.info-nun suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müşaviri Rüstəm Həsənov cavablandırıb:

-Rüstəm bəy, İlk olaraq lahiyə haqqında ətraflı məlumat alaq. Layihənin yaranma ideyası nə ilə əlaqədardır?

-Nazirlik olaraq çoxsaylı müraciətlər alırdıq ki, biz necə ağac əkə bilərik. Böyük kollektivlər müraciət edirdilər ki, gəlib birgə ağac əkmək istəyirik. Ən xırda formada təbiətə necə töhfə verə biləcəklərini soruşurdular. Bütün bu aldığımız sorğular və çoxsaylı müraciətlər bizdə belə bir ehtiyac yaratdı. Yəni elə bir layihə təşəbbüsü ilə çıxış edək ki, insanlar təbiətə töhfə vermə ehtiyaclarını bu sistem vasitəsilə ödəyə bilsinlər. Bu fikirdən də “Yaşıl gələcək” layihəsi ərsəyə gəldi. Hazırda yasilgelecek.az saytından hər kəs layihə ilə tanış ola bilər.

-Layihə nə vaxtdan həyata keçirilir?

-Layihənin icrasına yanvar ayından başlanılıb.

-Bu saytdan istifadə qaydaları necədir? Hər bir vətəndaş müraciət edə bilərmi?

-Layihənin özündən istifadə etməklə təbiətə töhfə vermək çox asandır. Bizdə onlayn qaydada ağac əkmək mümkündür. Ağacəkmənin birdən çox yolu var. Siz ağacı öz adınıza fərdi qaydada əkə bilərsiniz, həmçinin, ağacı anonim əkə bilərsiniz və yaxud əkdiyiniz ağacı kiməsə hədiyyə edə bilərsiniz. Ağacın özünü adi qaydada əkmək də mümkün olur, hansı ki, əkdiyiniz ağacı hansısa əlamətdar hadisə ilə də əlaqələndirmək olar. Misal üçün qarşıdan gələn 8 Mart münasibəti ilə kiməsə əkdiyiniz ağacı hədiyyə edə bilərsiniz.

Burada ağacın özünü fiziki formada hədiyyə verməkdən yox, ona ithafdan söhbət gedir. Saytın ən maraqlı xüsusiyyəti odur ki, sizin ağac əkməyiniz, təbiətə töhfə verməyinizlə bağlı sistem tərəfindən avtomatik olaraq sertifikat verilir. Həmin bu sertifikatın üzərində verilmə tarixi və QR kod var. Bu kodla həm çap edə bilərisiniz və QR kodu da oxuya bilərsiniz. Saytda bu şəffafdır, qarşınızda təsdiqedici sənəd çıxır ki, siz həqiqətən də bizim “Yaşıl gələcək” platforması vasitəsilə bu ağacı əkmisiniz.

-Kiməsə ağac hədiyyə etdikdə o şəxs bundan necə xəbər tuta bilir?

-Kiməsə hədiyyə verəndə sistem həmin şəxsin telefon və ya elektron poçt ümvanını soruşur. Həmin şəxsə ona ağac hədiyyə olunduğu ilə bağlı avtomatik sms bildirişi və elektron poçt məktubu göndərir. Normalda siz öz adınıza ağac əksəniz, sertifikasiya yalnız sizin adınıza olur. Amma kiməsə hədiyyə edəndə həmin şəxsin adı yazılır və sonda hədiyyə edən şəxsin adı yazılır. Bu da doğum günləri, bayramlar münasibəti ilə bağlı unikal bir hədiyyədir.

- Şəxs sifariş veridyi ağacın əkiləcəyi ünvanı özü seçir, yoxsa necə?

-Təəssüflər olsun ki, ağacın əkilməsi ilə bağlı ünvan sifarişi bu mərhələdə yoxdur. Bunun da səbəbi odur ki, ağacın əkilməsi çox mürəkkəb prosesdir. Çünki dövlət olaraq öncədən ağacın əkiləcəyi yerlər, hansı ərazinin yaşıllaşdırılmağa daha çox tələbatının olması öncədən müəyyənləşdirilir və əkin proqram əsasında aparılır. Bu mərhələdə ərazinin seçilməsinə imkan yaratmırıq. Növbəti mərhələdə yəqin ki, şəxsə ağac əkmə üçün ərazi seçmə imkanı verə bilərik.

-Bir ağac üçün ödənilən məbləğ nə qədərdir?

-Biz orada simvolik olaraq bir ağacın əkilməsi üçün 1 AZN tələb edirik. Amma realda ağacın əkilməsi üçün tələb olunan məbləğ qat-qat çoxdur. Çünki tingin özünün yetişdirmə xərcləri, onun ərazidə əkilməsi, ona avrotexniki qulluğun edilməsi, mühafizə xərcləri, sonradan ona periodik olaraq qulluq olunur. Bu xərclər həddindən artıq çoxdur. Sadəcə biz insanların təbiətə töhfə verməsi üçün şərait yaratmaq adına simvolik rəqəmlə çıxış edirik ki, onlar prosesin bir hissəsinə çevrilsinlər. Təbiət-insan əlaqəsi yaransın.

-Sifariş verildikdən hansı müddətdən sonra ağac əkilir?

-Biz, ümumiyyətlə, periodik olaraq ağacəkmə aksiyaları həyata keçiririk. Bu layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Yaşıllaşdırma və landşaft quruluşu açıq səhmdar cəmiyyəti ilə birgə həyata keçirilir. Həmin açıq səhmdar cəmiyyəti ölkə ərazisində mütəmadi olaraq təsdiqlənmiş əkin proqramlarına uyğun olaraq yaşıllaşdırma fəaliyyəti ilə məşğul olur. Əmin ola bilərsiniz ki, həmin o yaşıllaşdırma fəaliyyəti çərçivəsində sizin ödəniş etdiyiniz sayda ağac sizin adınıza əkilir. Şəffaflıq olsun deyə biz bu barədə qəbul etdiyimiz bütün ödənişlərlə bağlı məlumatları saytda açıq şəkildə dərc edirik. Bununla bağlı dövlətin digər yoxlama mexanizmləri üçün imkanlar var. Əkdiyimiz ağaclarla bağlı mütəmadi olaraq məlumatlar saytın yeniliklər bölümündə qeyd olunur.

-Bəs adımıza əkilən ağacın hansı ünvanda əkildiyinə baxmaq mümkündür?

-Təəssüflər olsun ki, bu imkanı yaratmırıq. Çünki insan faktorunun ağaclara zərər yetirmə məsələsi var. İstəmirik ki, həmin ərazi bilinsin, şəxsin ora yaxınlaşması, ağac üzərində iddia qaldırma məsələləri olsun. Bu bir az həssas məsələdir. Əkilən digər ağacların da mühafizə məsələləri nəzərə alınaraq bu məlumatı açıqlamırıq.

-Düşünürəm ki, bəlkə biri maraq üçün adına olan ağaca şəxsən qulluq eləmək istəyər.

-Təbiətdə hər şey tarazlaşır. Həmin şəxs özünün yaxınında olan başqa bir ağaca da su versə, qulluq etsə, eyni vəzifəni yerinə yetirmiş olur.

-Ağaclar daha çox toplu şəkildə, yoxsa fərdi, hədiyyə üçün sifariş olunur?

-Ağacların hazırda hədiyyə edilməsi tendensiyası var. Bizdə yalnız fiziki şəxslər deyil, korporativ tərəfdaşlarımız da var. Onlar kütləvi şəkildə, birdən-birə 10 min, hətta daha çox ağac əkmək üçün müraciət edirlər. İndiki halda tendensiya daha çox hədiyyə vermək istəyən həvəsli insanlardır. Lakin şirkətlərdən də ciddi maraq var, bununla bağlı sorğular alırıq.

Günay Şahmar
Cebhe.info