Məhəmməd Rəhmanifər: “Güneyi xilas edə bilməsək, İranda Azərbaycan türkü qalmayacaq”- MÜSAHİBƏ

Məhəmməd Rəhmanifər: “Güneyi xilas edə bilməsək, İranda Azərbaycan türkü qalmayacaq”- MÜSAHİBƏ

“Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatı ən güclü hərəkatdır, milli fəallarımız bu amal uğrunda fəaliyyət göstərirlər”.

Bu sözləri “Cümhuriyət” qəzetinə müsahibəsində güneyli yazar, araşdırmaçı və siyasi şərhçi Məhəmməd Rəhmanifər bildirib.
Məhəmməd Rəhmanifər müsahibəsində İranda baş verən son siyasi proseslər, növbəti inqilab ehtimalı, rejimin qanlı cinayətləri və repressiyaları, fars müxalifətinin Azərbaycan türklərinə münasibəti, o cümlədən Cənubi Azərbaycanda milli azadlıq hərəkatının formalaşması ilə bağlı öz fikirlərini bölüşüb.

Cebhe.info müsahibəni təqdim edir:

-Keçən ilin sonu bütün İranı kütləvi etirazlar, nümayişlər və iğtişaşlar bürüdü. Mərkəz Tehran daxil olmaqla bir çox şəhərlərdə, xüsusilə qeyri-fars millətlərin məskunlaşdığı ərazilərdə etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında ciddi silahlı toqquşmalar nəticəsində xeyli insan həlak oldu və mindən çox nümayişçi həbs edildi. Lakin yeni ildən bəri biz İranda sakitçiliyin hökm sürdüyünü və etirazların durduğunu görürük. Sizcə, bu, rejimin cəza tədbirlərindən və repressiyalarından irəli gəlir, yoxsa xalqın ümidsizliyə düşməsindən?

"Etirazlara qatılan bir çoxlarında ümidsizlik yaranıb"

-Etirazlar başladıqdan sonra rejimin ünsürləri deyirdilər ki, onlar müxaliflərə qarşı çox yumşaq davranırlar. Halbuki, həmin zaman ölkəboyu geniş həbslərin olması barədə əlimizdə kifayət qədər məlumatlar var idi. Hətta İranın bir çox yerlərində, Cənubi Azərbaycanda belə etiraz aksiyalarından və nümayişlərdən əvvəl də rejim tərəfindən çoxsaylı həbslərin getdiyinin şahidi olduq. Bir vəkilin verdiyi məlumata görə, təkcə Təbrizdə 1700 -ə yaxın şəxs həbs olunub. Bundan başqa, etirazların qızğın zamanı bir çox nümayişçi və etirazçı meydanlarda rejimin əsgərləri tərəfindən güllələnərək öldürüldü. 44 il ərzində öz xalqına zülm edən molla rejimi repressiyalar məsələsində də geniş təcrübəyə malikdir. Rejim xüsusilə xalqa ağır psixoloji təsir göstərən vasitələrə əl atır.

Daha öncədən həbs edilən və başqa ittihamlara görə haqlarında edam cəzası çıxan iki-üç şəxs zindanda edam edildi. Ondan sonra da yüngül ittihamlarla həbs olunan gənc uşaqlar da edam edildilər. Onların həbs edilməsi və onlara qarşı ittihamlar etirazlarla bağlı deyildi. Ancaq hökumət bu edamlarla etirazçıları qorxurtmağa çalışırdı. Etirazların və iğtişaşların tüğyan olunduğu zaman mən bəzi vətənpərvər gənclər ilə danışırdım. Onlar meydanlarda güllələnməkdən və ölümdən qorxmurdular. Lakin kütləvi edam hökmləri, repressiyalar və digər ağır psixoloji cəzalar bu gənclərin ürəyinə qorxu saldı.

O ki qaldı ümidsizliyə, etirazlara qatılan bir çoxlarında ümidsizlik yaranıb. Bunun birinci səbəbi odur ki, xaricdə yaşayan müxalif siyasi rəhbərlər ölkədaxili etirazları düzgün yönləndirə bilmədilər. Onlar arasında, hətta liderlik uğrunda ixtilaflar baş verirdi. İkincisi, etirazları əks etdirən müxalif fars mediası birdən-birə İranı uzun müddət zülm altında saxlayan Pəhləvi sülaləsinin nümayindəsi, yəni Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvini bir lider kimi dəstəkləməyə başladı.

İddia edirdilər ki, Rza Pəhləvi ölkəyə qayıtdıqdan sonra, guya o, demokratik rejim quracaq. Eyni zamanda, fars müxalifətinin önündə gedən şəxslər qeyri-fars millətlərin milli-mədəni hüquqlarının və azadlıqlarının təmin olunmasında maraqlı deyillər. Amma bütün bunlara rəğmən ölkənin bir sıra yerlərində etirazlar sona çatmayıb, əksinə nümayişlər davam edir.

-İranda növbəti böyük inqilabın baş verməsi üçün zəmin yetişibmi?

-Buna cavab vermək çox çətindir. Bilirsiniz ki, siyasi məsələlərdə heç vaxt dəqiq söz demək mümkün deyil. İnsanların, toplumun davranışları və qlobal dünyanın münasibətləri siyasi proseslərə təsir göstərə bilər. İnqilabın nə zaman baş verəcəyini dəqiq demək qeyri-mümkündür. Amma İranda son siyasi proseslər onu göstərir ki, bu ölkə inqilabın astanasındadır. İnqilab hər an baş verə bilər. Həmçinin yaxın zamanda ölkəni yenidən genişmiqyaslı nümayişlər bürüyəcəyini ehtimal edə bilərik. Yenə deyirəm, İranın özündə güclü repressiv sistem formalaşıb. Bu sistemin çökməsi lazımdır.

"Rza Pəhləvi babasının və atasının Cənubi Azərbaycanda törətdikləri soyqırım..."

-Bir çox informasiya mənbələrində qeyd edilir ki, Qərb dövlətləri Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvini İranda hakimiyyətə gətirməyə çalışır. Rza Pəhləvi də dəfələrlə bəyanat verib ki, o, hakimiyyətə gəldiyi təqdirdə İranda demokratik respublika quracaq və ölkədə yaşayan bütün millətləri bərabər hüquqlar ilə təmin edəcək. ümumiyyətlə, bu sülalənin yenidən İrana qayıtması qeyri-fars millətlər tərəfindən necə qarşılanacaq?

Bu kimi şişirdilmiş məlumatlar, adətən müxalif fars xəbər qaynaqlarında yayılır. Rza Pəhləvi dünyanın siyasi gücləri tərəfindən o qədər də güclü şəkildə dəstəklənmir. Əlbəttə, ABŞ və bir sıra Avropa ölkələri İran müxalifətini dəstəkləyir. Rza Pəhləvi də elə həmin qüvvələrin içərisindədir. Bəziləri düşünür ki, guya Qərb Rza Pəhləvinin İrana qayıtmasında maraqlıdır və orada yenidən Pəhləvi hakimiyyətinin qurulmasına kömək edəcək. Bu kimi düşüncələr tamamilə absurd və qeyri-dəqiqdir. İkincisi, Rza Pəhləvini İranda, nəinki qeyri-fars millətləri, heç də farsların özləri də qəbul etmirlər. Onu da qeyd edim ki, bu insan qeyri-fars millətlərin hüquq və azadlıqlarını tanımağa hazır deyil. Hətta öz müsahibələrində İranda qeyri-fars millətlərin öz ana dillərində təhsil almalarına mənfi münasibət bildirib.

Rza Pəhləvi yalan danışır və onun sözlərinə heç kəs inanmır. Bununla yanaşı, bu insanın babasının və atasının Cənubi Azərbaycanda törətdikləri soyqırım, qırğınlar və cinayətlər, o cümlədən Pəhvəli rejimi dövründə Azərbaycan xalqına edilən bir çox zülmlər xalqımızın yaddaşından silinməyib. Pəhvəli rejimi Azərbaycan xalqına çox faciə yaşadıb. Rza Pəhləvi babasının və atasının qanlı əməllərinə görə, nəinki xalqımızdan üzr istəməyib, hətta bu insan utanmadan qanlı “21 Azər” hərəkatı günü Azərbaycan xalqını təbrik edir. Guya ki, onun atası Azərbaycan xalqını xilas edib.

Allah eləməsin, əgər Rza Pəhləvi İranda hakimiyyəti əlinə alarsa, o, demokratik yox, avtoritar sistemə əsaslanan şahlıq sistem quracaq. Onun ətrafındakı insanlar şahın dövründə azadlıq tələb edən insanları təqib edən və onlara zülm edən SAVAK kəşfiyyat sistemini yenidən formalaşdıracaqlar. Pəhləvi rejiminin bərqərar olunması milyonlarla Azərbaycan türkünün məhv olmasına gətirib çıxaracaq. Bu insan, yeri gəlsə qırır və öldürər, amma bizim istəklərimizə cavab verməz.

- Bir sıra cənublu soydaşlarımız İranda molla rejimi yıxıldıqdan sonra ölkədə bütün xalqların hüquqlarına hörmət edən, demokratik, hüquqi və federativ dövlət qurulmasını mümkünsüz hesab edirlər. Siz bu barədə düşünürsünüz?

-İran əsrlər boyu imperiya ölkəsi olub. Tarixdə bir çox imperiyalar dağılıb, ancaq İran öz imperiya varlığını davam etdirir. 1925-ci ildən bəri İranda məqsədyönlü şəkildə qeyri-fars millətlərin assimilyasiya siyasəti aparılır, yəni azərbaycan türklərinə, kürdlərə, ərəblərə və digər millətlərə təzyiqlər edilərək öz milli kimliklərini unutdurmağa çalışıblar. Deyirdilər ki, guya yalnız İran xalqı var, başqa millətlər ola bilməz. Ancaq yüz il keçməsinə baxmayaraq, İranın bu siyasəti heç vaxt uğurlu olmayıb və bundan sonra da uğurlu olmayacaq. İranda yaşayan millətlər öz milli kimlikləri uğrunda mübarizə aparırlar və heç vaxt razı olmazlar ki, özlərini fars kimi təqdim etsinlər. İranda rejimlər hər zaman diktatorluğa və repressiyalara söykənib, bütün millətləri zorla öz bayrağı altında saxlamağa çalışıblar. Əgər bir dövlətdə fərqli milli kimliyə və mədəniyyətə malik olan millətlərin hüquqları və haqları tapdalanırsa, orada heç vaxt demokratik sistem qurula bilməz. İranda demokratik sistem qurmaq üçün ilk növbədə farsçılıq siyasətinə son qoyulmalı, qeyri-fars millətlərin hüquqlarına və azadlıqlarına hörmət edilməli, hətta onların istiqlaliyyətinə belə, imkan verilməlidir.

O ki qaldı federasiya məsələsinə, əgər İranda federal sistemli dövlət qurularsa, onda bu ölkənin müxtəlif ərazilərində toplu şəkildə yaşayan xalqların öz milli hökuməti, qanunlar sistemi, öz polis və ordusu olmalıdır. Amma nəzərə alaq ki, biz Avropa ölkələrindən yox, İrandan danışırıq. Əlbəttə, bəzi irançı soydaşlarımız deyirlər ki, federalizm Azərbaycan türklərinin hüquqlarının və azadlıqlarının təmin olunması üçün yeganə yoldur. Lakin onlar özlərinə sual vermirlər ki, biz kimlərlə federativ sistem qurmaq istəyirik. İranda yalnız sözdə federalizm qurula bilər, amma əsas mərkəzi hakimiyyət yenə də farsların əlində olacaq. Federalizm bir kənara qalsın, fars müxalif qüvvələri bu günə qədər bizim ana dilimizdə təhsil almaq hüququmuzu qəbul etməyiblər. Bu ölkədə federalizm qurularsa belə, fars millətçiliyi təfəkküründə olan siyasi qüvvələr onu aradan qaldırmağa, boğmağa çalışacaqlar.

"İrançı müxalif qüvvələr federalizm vədləri ilə xalqları aldadırlar"

Əslində, istər fars, istərsə azərbaycanlı, istərsə də digər xalqlardan çıxan irançı müxalif qüvvələr federalizm vədləri ilə xalqları aldadırlar, onlar İranın parçalanmasından qorxurlar. Maraqlıdır ki, bu vədlər barədə fars müxalifəti yox, daha çox öz millətimizin içərisindən çıxan ünsürlər bol-bol danışırlar. Onlar iddia edirlər ki, guya ölkədə federalizm qurularsa, hər şey yaxşı olacaq, Azərbaycan xalqı əzilməyəcək, öz milli hüquqları tanınacaq. Ay qardaş, axı İranda federalizmin qurulmasına şərait yoxdur, buna heç vaxt imkan verməzlər. Bu sistem qurularsa belə, tez bir zamanda bunu aradan qaldıracaqlar. Hesab edirəm ki, İranda federalizmin qurulması qeyri-mümkündür.

- Siz “Voice of America”-ya müsahibənizdə İranda yoxsulluğun və səfalətin daha çox qeyri-fars millətlərin məskunlaşdığı ərazilərdə hiss olunduğunu bildirmisiniz. Bunu necə izah edə bilərsiniz?

-İranda son iyirmi ildə iqtisadiyyat çökməyə doğru gedir. Bu ölkə bu günə qədər neft və qazdan gələn gəlirlər hesabına ayaqda qala bilibdir. Əgər neft və qaz olmasa idi, bu ölkə çoxdan dağılmağa məruz qalmışdı. Çünki bu ölkədə normal istehsal yoxdur, böyük iş mərkəzləri yoxdur. Böyük iş mərkəzlərin hamısı ya zərərlə üzləşirlər, ya da dayanırlar. Ölkənin valyutası avro və dollar qarşısında günbəgün dəyərini itirir. Başqa bir məsələni də nəzərdən keçirmək lazımdır. İranda yoxsulluq belə, ədalətli şəkildə bölünməyib. Cənubi Azərbaycanda mövcud olan yoxsulluğu İsfahanda, Tehranda və digər mərkəzi şəhərlərdə görə bilməzsiniz. Farsların məskunlaşdığı vilayətlər qeyri-fars millətlərin məskunlaşdığı vilayətlərdən daha çox varlıdır. Keçən il dövlət büdcəsindən tək İsfahana ayrılan ümumi maliyyənin həcmi bütün Cənubi Azərbaycandan qat-qat çoxdur. Bu da mərkəzin yürütdüyü siyasətdən irəli gəlir. Məqsəd də azərbaycanlıların məskunlaşdığı vilayətləri boşaltmaq, yoxsul azərbaycanlıları mərkəz vilayətlərə köçürtməkdir. Bu da nəticə etibarı ilə azərbaycanlı uşaqların öz ana dilini unudub, fars dilində danışmağına gətirib çıxaracaq.

"İranın ən böyük qorxusu Azərbaycan türklərinin iradəsidir"

-Etiraz və nümayişlər zamanı İranın Bəlucistan və Sistan, Kürdüstan və Əhvaz bölgələrində daha çox qanlı iğtişaşlar baş verib. Sizin fikrinizcə, bu xalqlar yaxın gələcəkdə İran üçün daha da baş ağrısı ola bilər?

-İranda digər xalqlara nisbətən Azərbaycan türkləri sivil və mədəni şəkildə mübarizə aparır. Azərbaycan türkləri daha çox kitab yazmaqla, danışmaqla, nümayişlər keçirtməklə, hətta seçkilərə qatılmaqla öz etirazlarını bildirməyə çalışırlar. Bəluclar, kürdlər və ərəblər öz mübarizələrində silaha əl atmağa üstünlük verirlər. Bu millətlər İran rejimi üçün baş ağrısıdır və bundan sonra da belə olacaqlar. Amma heç şübhəsiz ki, İranın ən böyük qorxusu Azərbaycan türklərinin iradəsidir. Bunun səbəbləri də bəllidir. Birincisi, Azərbaycan türklərinin sayı bu üç millətdən iki- üç dəfə artıqdır. İkincisi, bəluclara, kürdlərə və ərəblərə nisbətən bizim millət dərin dövlətçilik ənənəsinə malikdir. Eyni zamanda, biz azərbaycanlılar İrana min il hökmranlıq etmişik. Bizdə olan dövlətçilik zehniyyəti İranı çox qorxudur. Bura sərhədlərimizdə Azərbaycan və Türkiyə kimi qardaş ölkələri də əlavə etmək olar.

- Çoxmillətli İranın siyasi gündəmində əsas məsələlərdən biri olan, bütün Azərbaycan xalqı üçün önəmli mahiyyət daşıyan soydaşlarımızın hüquq və haqlarının tapdalanmasıdiır. Ölkə daxilində cənublu ictimai fəallar milli-mədəni və azadlıqlarının qorunmasında hansı addımları atıblar?

-30 il bundan əvvəl Cənubi Azərbaycanda baş verən siyasi proseslərlə yaxından tanış olmuşam. Zaman-zaman bir çox məsələlərdə fəal kimi iştirak etmişəm. Onu deyim ki, biz şəhərlərdə hamımız bir-birimizi tanıyardıq. O qədər sayımız az idi ki, şəhərlərdə azərbaycançılıq məfkurəsində olan insanları çox yaxşı tanıyırdıq. 16 min nəfərlik Təbriz Universitetində Azərbaycan türkcəsində yazmağı bacaran heç on nəfər tapılmırdı. Biri də mənim özüm. Mən heç özüm də öz ana dilimdə yaza bilmirdim. Çalışırdıq ki, bu dildə yazaq, amma bacarmırdıq. Ancaq bizim mübarizəmiz sahəsində bu gün Cənubi Azərbaycanın bir çox şəhərlərində minlərcə insan azərbaycançılıq məfkurəsini qəbul edib və bu məfkurə uğrunda mübarizə aparırlar.

Çox şükür ki, bir çox Azərbaycan türkləri öz ana dillərində kitablar, məqalələr, şeirlər yazırlar, hətta sosial şəbəkələrdə öz etirazlarını türk dilində yazmağı bacarırlar. Biz bütün bunları yan-yana qoyanda güneyli soydaşlarımızın 30 ildə nə işlər gördüyü aydın sezilər. Həmçinin biz millətimizə agah eləyirik ki, bu dövlətdən sənə işıq yolu yoxdur, sənin dərdini dinləyən yoxdur, sənin yolun istiqlaliyyət yoludur. Bundan başqa Urmiya gölü məsələsində də önəmli işlər görülüb. Əgər güneyli fəallar olmasa idi, bu gün bu məsələ beynəlxalq səviyyədə qalxmazdı.

"Cənubi Azərbaycan türklərinin mübarizəsində ciddi media boşluğu var"

Bəli, Cənubi Azərbaycanın milli fəalları daha təmkinli davranırlar, silaha əl atmaqdan uzaq dururlar. Onu da deyim ki, Cənubi Azərbaycanda vətənpərvər gənclər və milli fəallar birdən-birə gücünü meydanlara tökməyə tələsmirlər. Çünki biz kürdlərin və bəlucların başlarına nə müsibətlər gəldiyini gördük. Son üç ayda kürdlər öz gücləri ilə etiraz və nümayişlər təşkil etdilər, meydanlara töküldülər. Ancaq indi bu gün görürük ki, kürdlər qırağa çəkilib heç bir hərəkət etmirlər. Çünki gördülər ki, onlar rejimin əsgərləri tərəfindən güllələnirlər, farslar isə durub qıraqdan sakit baxırlar. Əlbəttə, Azərbaycan türkləri də meydanlara töküldülər, nümayişlər təşkil etdilər, şüarlar səsləndirdilər. Amma təmkinli davranmağı da unutmadılar, yəni bütün gücləri ilə meydana gəlmədilər. Bundan başqa, Cənubi Azərbaycan türklərinin mübarizəsində ciddi media boşluğu var.

-Güneydə son siyasi proseslər Milli Azadlıq Hərəkatının formalaşmasına gətirib çıxaracaq?

-Milli Azadlıq Hərəkatı zatən formalaşıbdır. Tariximizdə Babək, Səfəvilər, Səttarxan, Xiyabani, Pişəvəri hərəkatları, hətta Ayətullah Şəriətmədarinin başçılıq etdiyi Müsəlman Xalq Hərəkatı olub. Bu gün Güney Azərbaycan Milli Azadlıq Hərəkatı da onların başladıqları hərəkatın davamçısı sayılır. Otuz il bundan öncə başlayan bu hərəkat düşüncə baxımından günü-gündən genişlənir, insanlar arasında daha çox yer alır, daha çox insanları özünə sarı çəkir.

Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatı çox güclü təsir imkanlarına malikdir. Əlbəttə, bütün Azərbaycan türkləri Cənubi Azərbaycanın müstəqilliyini istəmirlər. Onların içərisində qorxanlar var, farsların və mollaların yalanlarına inananlar var. Bu, dünyanın hər bir yerində belədir. Məgər 30 il bundan öncə Şimali Azərbaycanda istiqlaliyyət uğrunda mübarizə aparılarkən hamı müstəqillik istəyirdi? Əlbəttə, yox. Xalqın içərisində Sovet hakimiyyətinin qalmasını və ruslarla birgə yaşamasını istəyənlər də var idi. Elə bizdə də bu cür düşüncədə olan insanlar var. Bəziləri farslara, bəziləri mollalara aldanırlar, bəziləri isə öz maraqları üçün çalışırlar.

Ancaq bütün bunlara baxmayaraq, Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı ən güclü hərəkatdır, milli fəallarımız bu amal uğrunda fəaliyyət göstərirlər. Bir məsələni də sizin diqqətinizə çatdırım. ABŞ və Avropadan dəstək alan, güclü mediaya və digər təsir imkanlarına malik olan İran müxalifəti də millətimizlə bağlı çirkin təbliğat aparır, bizim milləti farslaşdırmağa çalışır, bizi Rza Pəhləvinin tərəfinə çəkmək istəyir. Demək olar ki, biz ədalətsiz mübarizə ilə üzləşmişik. Həm rejimə, həm də İran müxalifətinə məxsus mediada millətimizə qarşı informasiya müharibəsi gedir.

Çox təəssüf ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Qərb dünyasından ciddi dəstək göstərilmir. Buna görə də bizim gözümüz Şimali Azərbaycan və qardaş Türkiyədədir. Bizim yardımlara və dəstəklərə ehtiyacımız var. Əgər bizə yardım və dəstək göstərilməzsə, millətimizi əldən verə bilərik. İnformasiya bombardmanı altında olan millətimizin bəzi nümayindələri istər-istəməz rejimin və fars millətçilərinin təbliğatına uya bilər. Bu gün susmaq zamanı deyil.

Biz bütün gücümüzlə meydanlarda olmalıyıq, bütün gücümüzlə mübarizəni davam etdirməliyik. Eyni halda Şimali Azərbaycan və Türkiyə də millət və dövlət olaraq bizim yanımızda olmalıdırlar. Bu dəfə Cənubi Azərbaycanı xilas edə bilməsək, artıq İranda Azərbaycan türkü deyilən bir millət qalmayacaq.

Yunis Abdullayev
Cebhe.info