Ağdamdakı Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOLAR

Ağdamdakı Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOLAR

Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib.

"Cebhe.info" xəbər verir ki, mərasimdə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, Türkiyə Milli Müdafiə Nazirliyi Quru Qoşunlarının qərargah rəisi general-polkovnik Levent Ergün, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər üç ölkənin Dövlət himnləri səsləndirilib.

General-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası və Rusiya Federasiyası arasında 2020-ci il noyabrın 11-də imzalanmış Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışıb.

Baş Qərargah rəisi 2021-ci ilin yanvar ayının 30-dan regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlığını bildirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb.

Bağlanış mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqramın təqdimatı ilə başa çatıb.

***

10:43

Bu gün Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır.

"Cebhe.info" xəbər verir ki, bu münasibətlə təntənəli tədbir mərasimi keçiriləcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi yaratmaq barədə anlaşma memorandumu imzalayıblar. Mərkəz 2021-ci il yanvarın 30-dan etibarən fəaliyyət göstərməyə başlayıb.

Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasından sonra Mərkəzin də fəaliyyətinin dayandırılacağı açıqlanıb.

Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürkün sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır:

“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”.

"Cebhe.info"