Azərbaycana qarşı yeni təxribat: Paşinyanın əsl məqsədi nədir?

Azərbaycana qarşı yeni təxribat: Paşinyanın əsl məqsədi nədir?

Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin qaçqın adı altında Qarabağa və Azərbaycanın digər bölgələrinə qaytarılması ilə bağlı məsələ qaldırıb.

O bildirib ki, ermənilərin Hadrut, Xocavənd, ləğv edilmiş Ağdərə və Şaumyan (Gülüstan qəsəbəsi) rayonlarına, Şuşa şəhərinə, Göygöl rayonunun Çaykənd kəndinə, Laçın rayonu və Qarabağ iqtisadi rayonuna bitişik digər bölgələrə geri qaytarılması üçün beynəlxalq mexanizmlər işə salınmalıdır.

Paşinyan Xarici İşlər Nazirliyinə bu mövzuda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə rəsmi danışıqlara başlamağı tapşırdığını bildirib.

Bu beynəlxalq mexanizmin 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla müəyyən edildiyini vurğulayan Paşinyan onun hələ işə düşmədiyini qeyd edib.

üçtərəfli Bəyanatın 7-ci bəndində deyilir: “Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının idarəsinin nəzarəti altında Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar”.

“Yeri gəlmişkən, Bakı, Şirvan, Sumqayıt, Gəncə, Göygöl, Şəmkir, Naxçıvan və Azərbaycanın digər rayonlarından olan ermənilərin nümayəndələri də dövlət orqanlarına müraciət edərək şikayət edirlər ki, biz onların beynəlxalq sülhməramlı qüvvələrin müşayiəti ilə öz evlərinə qayıtmaq hüququ ilə bağlı nə üçün məsələ qaldırmırıq”.

Ermənistanın Baş naziri iddia edib ki, noyabrın 9-da üçtərəfli Bəyanatın 7-ci bəndi yalnız “Dağlıq Qarabağ” və onun yaxın ətraflarında olan qaçqın və məcburi köçkünlərə də şamil edilir.

Onun sözlərinə görə, başqa rayonlardan olan ermənilər geri qayıtmaq və mülkiyyət hüquqlarını müdafiə etmək üçün beynəlxalq məhkəmələrə müraciət etməlidir.

Qeyd edək ki, Paşinyanın bu açıqlaması Ermənistanın Azərbaycana qarşı növbəti demarşı kimi qiymətləndirilə bilər. Bu, özünü əsasən iki istiqamətdə göstərir.

İlk növbədə, Paşinyanın təklifləri Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından narahatlığını ifadə edir. Ermənistan hakimiyyəti Qərbi azərbaycanlıların öz yurdlarına dönməsinə alternativ şərt kimi 1988-ci ildən sonra Azərbaycandan köçmüş ermənilərin Qarabağa, ətraf rayonlara, Gülüstan qəsəbəsinə Gəncə, Sumqayıt, Şəmkir, Göygöl və Naxçıvana qayıtmasını irəli sürür. Yəni Ermənistan hakimiyyəti ermənilərin qayıtması məsələsini gündəmə gətirməklə Azərbaycana təzyiq etməyə çalışır. Bununla da rəsmi İrəvan Qərbi azərbaycanlıları qayıdış niyyətindən çəkindirə biləcəyinə ümid edir.

İkincisi, Nikol Paşinyan ermənilərin qaytarılması məsələsini qaldırmaqla dolayısı ilə Azərbaycana qarşı ərazi iddiası irəli sürür. Yəni Paşinyan hakimiyyəti erməniləri qaçqın adı ilə yenidən Qarabağ iqtisadi rayonuna və ətraf ərazilərə yerləşdirmək niyyətini gizlətmir. Tarixən məskunlaşmanın ermənilər üçün işağ planının birinci mərhələsi olub. Sonra ermənilər həmin ərazilərə iddia ortaya qoyur və status tələb edir. Ona görə də ermənilərin digər bölgələrə qayıdış təklifinin arxasında hansı məqsədlərin dayandığını görmək çətin deyil.

Ancaq Paşinyanın bu iddiası qeyri-ciddi təsir bağışlayır. Çünki onun fikirləri təhrif olunmuş hüquqi və siyasi arqumentlərə əsaslanır. Məsələn, Ermənistanın Baş naziri 2020-ci il 10 (9) noyabr Bəyanatının 7-ci bəndinə istinad edir. Guya həmin bənddə Qarabağdan və ətraf rayonlarından olan məcburi köçkünlər dedikdə erməni əhali nəzərdə tutulur. Halbuki söhbət Ermənistanın işğalı zamanı keçmiş Dağlıq Qarabağ adlanan ərazidən və ətraf yeddi rayondan qovulmuş azərbaycanlı əhalidən gedir.

Paşinyan isə razılaşmanı saxtalaşdıraraq həmin torpaqların ermənilərə məxsus olduğunu göstərməyə çalışır. Bundan başqa, 10 noyabr Bəyanatı sırf 44 günlük müharibənin nəticələrinə addir və bu sənədin ermənilərin 1989-1990-cı illərdə Azərbaycandan köçüb getməsi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, Ermənistan hakimiyyəti azərbaycanlıların öz tarixi torpaqları olan, Zəngəzur, Göyçə və İrəvana qayıtması üçün həm Beynəlxalq Ədalət Məhkəməsində, həm də BMT-nin Qacqınlar üzrə Ali Komissarlığının dəstəyini qazanacağını bilir. Çünki bu insanlar qanusuz şəkildə öz vətənindən deportasiya edilib. Nəticədə, Ermənistan monoetnik dövlətə çevrilib.

Azərbaycanın Qarabağ bölgəsində isə 10 minlərlə erməni əhali kompakt şəkildə yaşayır. Ona görə də Paşinyan hökuməti BMT ilə danışıqlara başlamaqla Azərbaycanın qarşısına əks-arqument çıxarmaq istəyir. Bu isə çox paradoksal görünür. Çünki Paşinyan 10 noyabr Bəyanatına imza atmaqla həmin Ermənistanın işğalçı tərəf olduğunu etiraf edib. Həmin öhdəliyə uyğun olaraq, Qarabağın ətrafındakı Ağdam, Kəlbəcər və Laçın rayonların həm işğalçı qoşunları, həm də süni məskunlaşmış erməniləri çıxarıb. Belə olan halda onun erməniləri geri qaytarmaq cəhdi siyasi anomaliya kimi qiymətləndirilə bilər.

Müşfiq Abdulla
Cebhe.info