Bakı -Tbilisi münasibətləri: İlk səfərin Azərbaycana olması təsadüf deyil

Bakı -Tbilisi münasibətləri: İlk səfərin Azərbaycana olması təsadüf deyil

"Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır". 

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Bakir Həsənbəyli "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri də bütün sahələrdə uğurla inkişaf edir: 

"Bir müddət əvvəl Gürcüstan Baş naziri İrakli Kobaxidzenin, bu gün isə Prezident Mixail Kavelaşvilinin Azərbaycana işgüzar səfəri bir daha iki dost, qardaş ölkənin tarixi köklərə söykənən əlaqələrinin geniş təhlilinə imkanlar yaradır. Nəzərə almaq lazımdır ki, Gürcüstanın Baş naziri? Prezidenti parlament və prezident seçkilərindən sonra ilk xarici səfərlərini məhz Azərbaycana etdilər. İlk səfərin Azərbaycana olması iki ölkənin münasibətlərinin  inkişaf səviyyəsinin təzahürüdür. Bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin olduğunu göstərir". 

Ekspert qeyd edib ki, iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirdikdə, tərəflərin əməkdaşlıqda nə qədər maraqlı olduğunu görə bilərik: 

"Prezident İlham Əliyev ötən dövrlərdə Gürcüstana 11 səfər edib. İki ölkə arasında 123 sənəd imzalanıb. Hər bir sənəd münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanla Gürcüstanı həm də mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır". 

Bakir Həsənbəyli vurğulayıb ki, Azərbaycanla Gürcüstan qonşu və dost olmaqla yanaşı, həm də mühüm strateji tərəfdaşdır: 

"Tərəflər arasında iqtisadi sahədə çox müsbət nəticələr var. Belə ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Həmçinin, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında alternativ qısa bağlantı yaradır". 

Ekspert onu da diqqətə çatdırıb ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 12 ölkəyə qaz ixrac edir: 

"Orta Dəhliz layihəsində ölkələrimiz yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Üstəlik, Gürcüstan və Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu da uğurla oynayırlar. Ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq davamlı şəkildə inkişaf edir. Hesab edirəm ki, yaxın perspektivdə Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə daha da inkişaf edəcək". 

Elmir 
"Cebheinfo.az"