Yeni dələduzluq üsulu yayılıb: Bu dəfə süni intellektlə

Yeni dələduzluq üsulu yayılıb: Bu dəfə süni intellektlə

Son illərdə süni intellekt texnologiyalarının sürətlə inkişafı gündəlik həyatı asanlaşdırmaqla yanaşı, kibercinayətkarlar üçün də yeni imkanlar yaradıb.

Xüsusilə səs klonlaşdırma (“voice cloning”) texnologiyası vasitəsilə cəmi bir neçə saniyəlik səs nümunəsi əsasında insanın səsini demək olar ki, eyni şəkildə təqlid etmək mümkün olub.

Bu isə telefon dələduzluğunu daha təhlükəli mərhələyə çatdırıb. Artıq dələduzlar tanış və ya ailə üzvünün səsi ilə zəng edərək pul tələb edir, bank məlumatlarını öyrənməyə çalışırlar.

“Cebheinfo.az”-ın araşdırmasına görə, əvvəllər səs klonlaşdırılması üçün uzun audio yazılar tələb olunsa da, indi sosial şəbəkələrdə paylaşılan videolar və səsli mesajlardan əldə olunan 10–30 saniyəlik nümunə belə kifayət edir.

Dələduzlar bu materialları açıq profillərdən toplayaraq xüsusi proqramlarla istənilən mətni həmin şəxsin səsi ilə səsləndirə bilirlər.

Ən çox rast gəlinən hallarda zəng edən şəxs özünü ailə üzvü kimi təqdim edərək qəza keçirdiyini, polis tərəfindən saxlanıldığını və ya təcili pula ehtiyacı olduğunu bildirir.

Səs tanış gəldiyi üçün insanlar hadisəni yoxlamadan pul köçürməyə tələsirlər. Bəzi hallarda isə dələduzlar şirkət rəhbərinin səsini təqlid edərək əməkdaşlardan təcili ödəniş və ya məxfi məlumat tələb edirlər.

Mütəxəssislər bildirirlər ki, saxta səslərdə bəzən intonasiyanın qeyri-təbii olması, nəfəs səslərinin çatışmaması və qəribə pauzalar hiss olunsa da, texnologiya inkişaf etdikcə bunu ayırd etmək çətinləşir.

Buna görə də yalnız telefonda eşidilən səsə güvənmək tövsiyə edilmir. Belə hallarda zəngi sonlandırıb həmin şəxslə başqa nömrədən və ya videozəng vasitəsilə əlaqə saxlamaq daha təhlükəsizdir.

Ekspertlər ailə üzvləri arasında gizli kod sözü müəyyənləşdirməyi, sosial şəbəkələrdə səsli paylaşımları məhdudlaşdırmağı və hesabları iki faktorlu identifikasiya ilə qorumağı məsləhət görürlər.

Banklar da xatırladır ki, heç bir əməkdaş telefonla kartın CVV kodunu, SMS təsdiq kodunu və ya internet bankçılıq şifrəsini tələb etmir.

Mütəxəssislərin fikrincə, süni intellekt inkişaf etdikcə telefon dələduzluğu daha inandırıcı xarakter alacaq. Buna görə də hər hansı maliyyə əməliyyatından əvvəl məlumatı mütləq başqa mənbədən təsdiqləmək və emosional təzyiq altında qərar verməmək ən etibarlı müdafiə üsullarından biridir.

Aişə Abdulova
“Cebheinfo.az”