"Medusa" beynəlxalq əməliyyatı: Zorlama şübhəsi ilə 57 nəfər saxlanıldı

"Medusa" beynəlxalq əməliyyatı: Zorlama şübhəsi ilə 57 nəfər saxlanıldı

İngiltərədə qadınların ərləri tərəfindən narkotik maddələrin təsiri altında huşsuz vəziyyətə salınaraq cinsi zorakılığa məruz qoyulduğu beynəlxalq cinayət şəbəkəsinə qarşı keçirilən əməliyyat zamanı səkkiz nəfər saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA), Europol (Avropa İttifaqı Hüquq Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyi) və FTB (Federal Təhqiqat Bürosu) tərəfindən birgə aparılan istintaq çərçivəsində huşsuz vəziyyətdə olan qadınlara qarşı törədilən cinsi zorakılıq görüntülərinin paylaşıldığı internet forumu ilə əlaqəli 270-dən çox şübhəli müəyyən edilib.

Səlahiyyətli qurumların məlumatına görə, bu, aşkarlanan şəbəkənin yalnız bir hissəsidir və buna bənzər çoxsaylı gizli platformalar hələ də fəaliyyət göstərir. 

İstintaq materiallarına əsasən, həmin platformalar təkcə görüntü paylaşmaq üçün deyil, həm də cinayətlərin planlaşdırılması məqsədilə istifadə olunub.

Şəbəkənin üzvləri qadınları huşsuz vəziyyətə salmaq üçün hansı dərman və narkotik vasitələrdən istifadə etməyi, hücumları necə planlaşdırmağı, eləcə də dəlilləri necə gizlətməyi bir-biri ilə müzakirə ediblər. 

Onlar eyni zamanda bir-birlərini bu cinayətləri törətməyə həvəsləndirib və yeni iştirakçılar cəlb ediblər.

Europolun "Medusa" (Project Medusa) layihəsi çərçivəsində keçirilən əməliyyat nəticəsində indiyədək 57 nəfər saxlanılıb, 158 zərərçəkən isə mühafizə altına götürülüb.

Qeyd edək ki, İngiltərədə aparılan son əməliyyat 2024-cü ildə Fransada gündəmə gələn “Jizel Peliko” işi ilə bağlı araşdırmalara da yeni aspekt qazandırıb. 

Məlum olub ki, onun keçmiş əri həyat yoldaşını illərlə narkotik vasitələrlə huşsuz vəziyyətə salıb, daha sonra isə “Coco.gg” adlı anonim söhbət platforması vasitəsilə tanış olduğu kişilərin ona təcavüz etməsinə şərait yaradıb.

Bildirilir ki, həmin platforma bağlansa da, oxşar platformalar fəaliyyət göstərməkdə davam edir. 

Onların fikrincə, İngiltərədə keçirilən son əməliyyat internet üzərindən təşkil olunan beynəlxalq cinsi zorakılıq şəbəkələrinin düşünüldüyündən daha geniş yayıldığını göstərir.

Əfsanə
"Cebheinfo.az"