Elektrik uzadıcı kabellər nə qədər təhlükəlidir?

Elektrik uzadıcı kabellər nə qədər təhlükəlidir?

Bu gün hər evdə elektrik uzadıcı kabel və ya üçlükdən istifadə olunur.

Televizor, telefon adapteri, kompüter, elektrik çaydanı və digər cihazları eyni anda qoşmaq rahat görünsə də, bu vərdiş bəzən ciddi təhlükələr yarada bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, elektrik uzadıcı kabeldən düzgün istifadə edilmədikdə qısaqapanma, cihazların sıradan çıxması, hətta yanğın baş verə bilər.

“Cebheinfo.az”-ın araşdırmasına görə, ən çox rast gəlinən səhvlərdən biri eyni elektrik uzadıcı kabelə çox sayda elektrik cihazının qoşulmasıdır.

Xüsusilə elektrik çaydanı, qızdırıcı, ütü və soba kimi çox enerji işlədən cihazlar birlikdə istifadə olunanda elektrik uzadıcı kabel həddindən artıq yüklənir. Bu zaman kabel qızır, plastik hissələr əriyir və yanğın riski artır.

Bazarda satılan bütün elektrik uzadıcı kabellər də eyni keyfiyyətdə olmur. Bəzi ucuz məhsullar üzərində yazılan gücü daşıya bilmir. Buna görə də qiymətə deyil, məhsulun keyfiyyətinə və texniki göstəricilərinə diqqət etmək vacibdir. Sertifikatlı və qoruyucu sistemi olan elektrik uzadıcı kabellər daha təhlükəsiz hesab olunur.

Digər təhlükəli vərdiş isə bir elektrik uzadıcı kabelin digərinə qoşmaqdır. İnsanlar rozetka çatışmadığı üçün bunu etsələr də, mütəxəssislər bu üsulu məsləhət görmür. Belə istifadə elektrik yükünü artırır və qəza ehtimalını yüksəldir. Elektrik uzadıcı kabelin istifadə olunduğu yer də önəmlidir. 

Onu xalçanın altından keçirmək, mebel arxasında sıxılmış vəziyyətdə saxlamaq və ya bükülü şəkildə istifadə etmək düzgün deyil. Kabel hava almadığı üçün daha tez qızır və bu da təhlükə yaradır.

Kabeldə çat, cırıq və ya ərimə əlamətləri görünərsə, ondan istifadəni dayandırmaq lazımdır. Eyni zamanda fişi boş olan və ya işləyərkən qızan uzadıcılar da dəyişdirilməlidir.

Mütəxəssislər bildirirlər ki, yüksək enerji sərf edən cihazları mümkün olduqda birbaşa divar rozetkasına qoşmaq daha təhlükəsizdir. Elektrik uzadıcı isə əsasən televizor, modem, kompüter və telefon adapteri kimi nisbətən az enerji işlədən cihazlar üçün istifadə olunmalıdır.

Gündəlik istifadə etdiyimiz sadə bir uzadıcı düzgün seçilmədikdə və ya qaydalara uyğun istifadə edilmədikdə evdə ciddi təhlükə yarada bilər. 

Kiçik görünən bu detal elektrik təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır və sadə ehtiyat tədbirləri ilə həm avadanlıqları, həm də insan həyatını qorumaq mümkündür.

Aişə Abdulova
“Cebheinfo.az”