Əhməd Vahidi yenidən ictimaiyyət qarşısına çıxdı
İran İnqilab Keşikçiləri Korpusunun "kölgə lideri" kimi tanınan general Əhməd Vahidi fevral ayından bəri ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
O, sui-qəsd nəticəsində öldürülən keçmiş Ali Lider Ayətullah Əli Xameneyinin dəfn mərasimində iştirak edib.
"Cebheinfo.az" xəbər verir ki, aylardır harada olduğu bilinməyən Vahidinin dövlət televiziyasının yaydığı görüntülərdə Xameneyinin tabutunun yanında yas tutduğu əks olunub. Mərasim zamanı çıxış edən general qisas alacaqlarını bəyan edib.
Məhəmməd Pakpurdan sonra İran İnqilab Keşikçiləri Korpusunun komandanı vəzifəsini tutan Vahidinin ölkə rəhbərliyində təsir gücünün getdikcə artdığı bildirilir.
Vahidinin hakimiyyəti atasından təhvil alan yeni Ali Lider Ayətullah Müctəba Xameneyiyə təsir göstərən, sayca az, lakin nüfuzlu qərarverici çevrənin əsas fiqurlarından biri olduğu qeyd edilir.
İranın “Mehr” agentliyinə açıqlama verən İnqilab Keşikçiləri Korpusunun komandanı Əhməd Vahidi qisas çağırışını təkrarlayaraq müqavimətin davam edəcəyini bildirib.
O qeyd edib ki, Ayətullah Xameneyinin mənəvi irsi və idealları yaşayacaq və İran düşmənlərini cavabsız qoymayacaq.
"Bu xalqın təslim olacağını düşünənlər bu xəyallarını özləri ilə məzara aparacaqlar. Tökmüş olduqları bu pak qan İslamın qələbələri yolunda yeni dönüş nöqtəsinə çevriləcək", - deyə Vahidi bildirib.
Vahidinin yenidən ictimaiyyət qarşısına çıxması beynəlxalq aləmdə də diqqət çəkib. ABŞ rəsmilərinin fikrincə, general Vahidi İranın Vaşinqton və Təl-Əvivə mümkün cavab strategiyasının formalaşdırılmasında əsas rol oynayan şəxslərdən biridir.
Əfsanə
"Cebheinfo.az"

