NATO-nun dağılması an məsələsidir?

NATO-nun dağılması an məsələsidir?

Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer hesab edir ki, gələcəkdə NATO-da ciddi parçalanma baş verər və ABŞ alyansdan ayrıla bilər.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, 1998–2005-ci illərdə Almaniyanın xarici işlər naziri olmuş Fişer Funke media qrupuna müsahibəsində bildirib ki, amerikalılar faktiki olaraq çıxmağa hazırlaşırlar.

Onun sözlərinə görə, Avropa ölkələrinin liderləri və NATO-nun Baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Tramp ilə alyansın birliyini qorumağa çalışırlar.

Fişer hesab edir ki, NATO uzunmüddətli perspektivdə indiki formada fəaliyyətini davam etdirə bilməyəcək.

Keçmiş nazir çıxış yolu kimi NATO-nun “avropalaşdırılması” ideyasını irəli sürüb.

Onun fikrincə, alyansın Avropa qanadı, mümkün olarsa, Kanada ilə birlikdə fəaliyyətini davam etdirməli, mövcud hərbi mexanizmlər və əməkdaşlıq sistemi qorunaraq yeni təhlükəsizlik modelinə uyğunlaşdırılmalıdır.

Fişer qeyd edib ki, belə bir Avropa təhlükəsizlik sistemi Böyük Britaniya və Fransanın nüvə potensialına əsaslanan öz “nüvə çətiri”ni formalaşdırmağa çalışmalıdır:

“Çünki ABŞ alyansdan ayrılacağı təqdirdə, öz nüvə təhlükəsizlik təminatını da özü ilə aparacaq”. Bununla yanaşı, Fişer Almaniyanın öz nüvə silahına malik olması ideyasını dəstəkləmədiyini vurğulayıb. 

O bildirib ki, ölkənin tarixi nəzərə alınarsa, belə bir addım əks nəticələr doğura bilər.

Aişə Abdulova
“Cebheinfo.az”