Dünyaya Azərbaycan nümunəsi: “Ada dövlətlərinin COP29-a dəvət olunması…”

Dünyaya Azərbaycan nümunəsi: “Ada dövlətlərinin COP29-a dəvət olunması…”

Dünən Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.

Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxunaraq bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir:

"Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb.

Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq.

Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanıb". 

Kiçik ada dövlətlərinə Azərbaycan dövləti tərəfindən göstərilən bu qayğı və diqqət ziyalılarımız, millət vəkilləri tərəfindən də yüksək qiymətləndirilir. 

Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kiçik ada dövlətlərinin Sammitində çıxışı humanizmin və kiçik dövlətlərə qayğısının bir daha əyani ifadəsidir:

"Dövlət başçısı nəinki bu sammitdə, rəhbərliyə gəldiyi ilk gündən müstəqilliyini qazanan və müstəqilliyə can atan kiçik ada dövlətlərinin taleyi uğrunda daim düşünüb, onlara yardımını əsirgəməyib. Bu gün də həmin ənənə davam edir və kiçik ada dövlətlərinin taleyi, onların gələcək inkişafı, müstəqilliklərini tam təmin etmələri ölkə rəhbərini hər zaman düşündürür. 

Bu sammitdə də dövlətimizin rəhbəri ada dövlətlərinə yardımın, onların müstəmləkədən azad olmaları uğrunda mübarizəsini dəstəkləyib və bu dövlətlərə 10 milyon manat həcmində maddi vəsaitin göstərilməsini zəruri hesab edib.

Sözsüz ki, bu kiçik dövlətlərə göstərilən humanist bir yardımın nümunəsi olmaqla bərabər həm də onların öz azadlıqları, müstəqilliyi uğrunda mübrizəsinə göstərilən dəstəkdir. Çünki bu dövlətlərin çoxu Fransa, Niderland, eləcə də digər dövlətlərin uzun illər müstəmləkəsi altında olub və bu gün həmin işğalçılıq siyasətindən ciddi əziyyət çəkməkdədirlər.

Kiçik ada dövlətlərinin birliyinin təmin edilməsi uğrunda cənab İlham Əliyevin son illər həyata keçirdiyi tədbirlər artıq nəticələrini verməkdədir və o ada dövlətlərinin bir çoxu Fransa müstəmləkəsinə qarşı ciddi mübarizəyə başlayıblar. Öz suverenliklərini təmin etmək üçün beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırır və öz hüquqlarının müdafiəsi üçün lazımi tədbirlərə əl atırlar. 

Kiçik ada dövlətlərinin COP29-a dəvət olunması və onların nümayəndələrinə lazımi diqqətin göstərilməsi də məhz onların suverenliyinə dəstəyin bir ifadəsi kimi qiymətləndirilməlidir. 

Ümumiyyətlə, COP29-un keçirilməsi də onlar üçün yeni fayda gətirəcək. Çünki bu tədbirin keçirilməsi, aparılan müzakirələr, cənab Prezidentin bu istiqamətdə çıxışı bir daha göstərir ki, COP29-dan onlar da faydalanacaq.

Azərbaycan Prezidenti dünyada haqqın, ədalətin, demokratiyanın tərəfdarı olduğu üçün hər bir dövlətin müstəqilliyinə, tam suverenlik qazanmasına qayğısını əsirgəmir. Bu baxımdan da kiçik ada dövlətlərinin Sammitinin təşkil olunması və həmin Sammitdə cənab İlham Əliyevin çıxışı bir çox müstəmləkəçi dövlətlərə öz mesajlarını ünvanlaması təbiidir və bu dövlətimizin bəşəri ideyalarından irəli gəlir. 

Sözsüz ki, kiçik ada dövlətləri də bu qayğı və diqqəti yüksək qiymətləndirir, göstərilən qayğıya görə onlar dövlətimizə daima öz minnətdarlıqlarını ifadə edirlər".

Nigar Abdullayeva
“Cebheinfo.az”