Erməni kisəsindən yeyən konqresmenlər: “Azərbaycanı “sözəbaxan” edə bilməyəcəklər”

Erməni kisəsindən yeyən konqresmenlər: “Azərbaycanı “sözəbaxan” edə bilməyəcəklər”

Amerika Birləşmiş Ştatları (ABŞ) son günlər yenidən Azərbaycana qarşı təzyiqlər göstərməyə cəhd edir. 

Bu dəfə ABŞ-nin 60 konqresmeni Azərbaycana sanksiya tətbiq etməklə bağlı təklif irəli sürüb. Buna cavab olaraq Azərbaycan Milli Məclisi ABŞ ilə imzalanan bir sıra sazişlərin, eyni zamanda hərbi konteksdə olan müqavilənin ləğv olunması ilə bağlı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayıb. 

Zaman-zaman ABŞ tərəfindən Azərbaycana qarşı bu cür addımların şahidi oluruq. Bir müddət əvvəl isə ABŞ konqresmenlərindən bəziləri Azərbaycanın hərbi elitasında təmsil olunan bir sıra yüksək rütbəli hərbçiyə qarşı sanksiya tətbiqini təklif etmişdilər. Amma sonradan ABŞ dövlət departamenti bu məsələ ilə bağlı Azərbaycanın “könlünü aldı”. Nəticədə münasibətlər əvvəlki vəziyyətinə qayıtdı. 

İndiki məqamda ABŞ-nin yenidən sanksiya məsələsini gündəmə gətirməsi nəyə hesablanıb? Azərbaycana təzyiq etməklə ABŞ nəyə nail olmaq istəyir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, ABŞ ilə Azərbaycan arasında xeyli vaxtdır anlaşılmazlıq hökm sürür: 

“Müəyyən dövrlərdə ABŞ rəhbərliyi Azərbaycanla bağlı müsbət fikirlər səsləndirir. Xüsusi günlərlə bağlı Azərbaycan Prezidentinə göndərdikləri təbrik məktublarında Azərbaycanın regionda önəmli vurğulayır, Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını qeyd edirlər. Amma müəyyən dövlərlərdə də Azərbaycana qarşı haqsız, qərəzli mövqe nümayiş etdirirlər. 

Burada iki məqam ola bilər. Onlardan biri ABŞ-də fərqli siyasi qolların olmasıdır ki, onlar da müəyyən mərkəzlərin təsiri altında belə qərarlar qəbul edirlər. Məsələn, COP29-la bağlı ABŞ-nin mövqeyi müsbət idi. Dəfələrlə Prezident səviyyəsində bildirilmişdi ki, COP29 çərçivəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdırlar. 

İndi isə görürük ki, ABŞ Konqres səviyyəsində Azərbaycana qarşı qərəzli mövqe sərgilyir. Zaman-zaman belə qərəzli mövqeyi ABŞ-nin Dövlət Departamentindən də görürük. Blinken də bu cür açıqlamalarla çıxış edib, amma sonradan peşmanlıqlarını da göstəriblər. İndi də konqresmenlər Azərbaycana qarşı istifadə olunur. Onların da içində ermənilərin təsirində olanlar çoxluq təşkil edir”. 

A.Nağı bildirib ki, bu proses 25 ildən çoxdur davam edir:

“Bu illər ərzində bir sıra konqresmenlər erməni kisəsindən pul yeyib onların sifarişlərini yerinə yetiriblər”. 

Partiya sədri əlavə edib ki, ABŞ Cənubi Qafqazda möhkəmlənmək istəyir, amma onların da bu cəhdi Azərbaycanın müqaviməti ilə üzləşır: 

“ABŞ-nin Azərbaycana qarşı qərəzli münasibətinin əsas səbəblərindən biri də məhz budur. Çünki ABŞ Azərbaycanı Gürcüstan və Ermənistan kimi sözəbaxan həddə çatdıra bilmədilər. Bir müddət əvvələ qədər Gürcüstan ABŞ-nin dediyi hər şeyi edirdi, artıq son illər onlar da bundan geri çəkilib. Gürcüstanda da ABŞ-nin mövqeyi xeyli zəiflədi. 

ABŞ indi Qərbi Zəngəzurda hərbi mövcudluğunu təmin etmək istəyir.

Görünən odur ki, Azərbaycan ABŞ-nin mövqeyinə əks addımlar atır, onların bu təşəbbüslərini neytrallaşdırmağa çalışır. ABŞ siyasi rəhbərliyi də bu müqaviməti görür və onu sındırmaq üçün Azərbaycana bu formada təzyiqlər etməyə çalışır. Amma hesab edirəm ki, onların bu cəhdləri nəticə verməyəcək, ABŞ istəyinə nail ola bilməyəcək”. 

Vilayət Muxtar 
“Cebheinfo.az”