Frank Şvaberə sərt cavab: “Erməni lobbisinin əlində alətə çevrilib"

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son zamanlar ölkəmizə qarşı qərəzli mövqe sərgilədiyi və qarayaxma kampaniyası apardığı artıq açıq-aşkar görünür. Məhz bu kimi çirkin kampaniyaya cavab olaraq Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırmışdır".
Bunu "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, AŞPA-da, xüsusilə Azərbaycana qarşı aparılan bu kampaniyanın başında ermənipərəst mövqeyi ilə tanınan, erməni lobbisinin əlində oyuncaq və manipulyasiya alətinə çevrilmiş Frank Şvabe dayanır:
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe yenidən ölkəmizə qarşı sərsəm bəyanat verərək, guya Azərbaycanda müxalifət partiyalarının olmadığı iddiasını irəli sürmüşdür.
İlk növbədə Frank Şvabenin özünə sual ünvanlamaq lazımdır ki, niyə AŞPA-da müxalif fikirdə olan, ümumi fransız və ermənipərəst deputatların mövqeyinə qarşı çıxan nümayəndələrə qarşı dözümsüzlük sərgilənir? Məsələn, Azərbaycan nümayəndə heyəti, Azərbaycanı dəstəkləyən digər ölkələrin deputatları, Türkiyə millət vəkilləri kimi qruplara qarşı niyə tolerantlıq nümayiş etdirilmir? Niyə onların fikirlərinə AŞPA-da yer verilmir? Əgər AŞPA-da müxalif fikirlərə, fərqli baxışlara yer yoxdursa, demokratik mühitdən söhbət gedə bilərmi?
Frank Şvabe və onun kimiləri əvvəlcə özlərinə güzgüdə baxmalı, AŞPA daxilində hansı vəziyyətin hökm sürdüyünü analiz etməlidirlər. Ancaq bundan sonra Azərbaycanla bağlı irad səsləndirmək haqqına sahib ola bilərlər.
İkincisi, biz dəfələrlə vurğulamışıq ki, heç kim mütləq ideal deyil, dünyada ən mükəmməl demokratik sistem mövcud deyil. Lakin özünü insan hüquqları və demokratiya sahəsində ən qabaqcıl institut kimi təqdim edən AŞPA bir dəfə də olsun, keçmiş Ermənistan-Azərbaycan münaqişəsində azərbaycanlılara qarşı törədilmiş hüquq pozuntuları barədə fikir bildirməyib.
Bu gün də Ermənistanın davam edən mina terroru, Qərbi Azərbaycandan deportasiya olunmuş insanların hüquqlarının pozulması kimi məsələlərə münasibət bildirilmir. Əksinə, bu məsələləri qaldırmaq istəyən Azərbaycan nümayəndə heyəti və digər millət vəkilləri susdurulur.
Belə olan halda AŞPA-da demokratik mühitdən, müxalif düşüncəyə açıq yanaşmadan danışmaq mümkündürmü? Təəssüf ki, xeyr. AŞPA yalnız ona təlimat verən mərkəzlərin göstərişləri ilə hərəkət edir, bu da onu insan hüquqları və demokratiya adı altında digər ölkələrə qarşı təzyiq vasitəsinə çevirir".
Millət vəkili qeyd edib ki, əgər siz Fransanın və Avropadakı əsas siyasi mərkəzlərin dediklərinə uyğun davranmırsınızsa, konformist siyasət aparmırsınızsa, AŞPA sizə qarşı insan hüquqları, demokratiya və müxalifət məsələləri adı altında təzyiq siyasəti yürüdür:
"Biz açıq şəkildə Frank Şvabenin ölkəmizə qarşı söylədiyi fikirləri rədd edirik. Onun ermənipərəst siyasəti və erməni lobbisinin təsiri altında hərəkət etməsi dəfələrlə sübuta yetirilib. Frank Şvabenin Azərbaycanın daxili və xarici siyasəti barədə fikir bildirmək haqqı yoxdur.
Azərbaycan nümayəndə heyəti AŞPA-nın bu qərəzli kampaniyasına cavab olaraq fəaliyyətini dayandırmış və ən yaxşı demokratiya dərsini onların özlərini ifşa etməsi ilə vermişdir. Hər dəfə Azərbaycana qarşı əsassız iddialar səsləndirənlər daha da bataqlığa batır və özlərini ifşa etməyə davam edirlər".
Səbinə Uğur
"Cebheinfo.az"