Hindistan-Pakistan qarşıdurması: "Uzun illər davam edə bilər"

Hindistan-Pakistan qarşıdurması: "Uzun illər davam edə bilər"

"Pakistan-Hindistan münasibətlərindəki ərazi konfliktinin və siyasi qarşıdurmanın dərin kökləri var".

Bunu politoloq Tural İsmayılov "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, bu, Pakistanın öz müstəqilliyini elan etməsindən sonra baş verən sistematik bir prosesdir:

"Bu gün hər iki ölkənin çox ciddi silah ehtiyatları mövcuddur. Eyni zamanda, həm Hindistan, həm də Pakistan nüvə ölkəsidir. Yəni tərəflər arasındakı gərginliyin qlobal arena üçün də nə qədər böyük təhlükələrə gətirib çıxara ehtimalı çox yüksəkdir".

Ekspert qeyd edib ki, artıq uzun illərdir Pakistan və Hindistan Kəşmir məsələsində razılaşma olmasına baxmayaraq, müəyyən qarşıdurmalar da yaşanır:

"Hətta zaman-zaman iki ölkə arasında yaşanılan gərginlik fonunda hərbi toqquşma ehtimalları da artır. Son olaraq Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktı Hindistan və Pakistan arasında yeni qalmaqala səbəb olub".

Politoloq diqqətə çatdırıb ki, dünyada həll edilməyən ərazi problemləri çox ciddi konfliktlərə səbəb olur:

"Faktiki olaraq, bu gün Kəşmir məsələsində Pakistanın mövqeyi nəzərə alınmalıdır. Lakin beynəlxalq birlik hər zaman ədalətsizliyə fokuslanır. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Hindistan və Pakistan arasındakı Kəşmir məsələsində də ədalətin əldə olunmasına dəstək olmur. Düşünürəm ki, bu problem həll edilmədikdə Pakistan və Hindistan arasındakı qarşıdurmalar baş verməyə davam edəcək".

Elmir
"Cebheinfo.az"