Kreml miqrantları niyə hədəf seçib?

Kreml miqrantları niyə hədəf seçib?

2025-ci il iyunun 30-dan etibarən Rusiyaya vizasız rejimlə daxil olan ölkələrin, o cümlədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərin vətəndaşları üçün öncədən qeydiyyat sistemi tətbiq ediləcək. 

Qanunun şərtlərinə görə, Rusiyaya səfər etməyi planlaşdıran şəxslər səyahətdən ən azı 72 saat əvvəl (fövqəladə hallarda isə 4 saatdan gec olmayaraq) müvafiq mobil tətbiq vasitəsilə məlumat təqdim etməli olacaqlar. Girişə icazə yalnız bu prosedurdan keçdikdən sonra veriləcək. Beləliklə, sərhəd keçidi artıq təkcə pasportla deyil, həm də sistemin verdiyi kodla müəyyən ediləcək. 

Bu, ilk baxışda texniki prosedur kimi görünsə də, əslində daha dərin geosiyasi və sosial məna daşıyır. Rusiya “viza rejimi tətbiq etmirik” deməklə yanaşı, faktiki olaraq Aİİ daxilində sərbəst gediş-gəliş mexanizmini sərtləşdirir. Bu, həm miqrant axınının inzibati yollarla tənzimlənməsi, həm də təhlükəsizlik arqumentləri fonunda ölkədaxili siyasi konsolidasiyanın möhkəmləndirilməsi məqsədi daşıyır. Azərbaycan vətəndaşları da bu dəyişikliklərdən təsirlənəcək. Halbuki iki ölkə arasında vizasız rejim və strateji müttəfiqlik münasibətləri mövcuddur. Bu da sual doğurur: 

Rusiya bu sərtləşmələrlə əslində nəyi hədəfləyir və nədən qorunmaq istəyir?

Ekspertlərin fikrincə, məsələ təkcə təhlükəsizlik deyil, bu, həm də daxili sosial və siyasi balansı qorumaq, ictimai narazılığın miqrantlara yönləndirilməsi, eləcə də etnik diasporların təsir dairəsinin məhdudlaşdırılması ilə əlaqədardır. 

"Cebheinfo.az"-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Rusiyada miqrantlara qarşı aqressiyanın artması, qanunların sərtləşməsi bir çox məsələlərlə bağlıdır. Onun sözlərinə görə, əsas səbəblərdən biri siyasi xarakter daşıyır:

"Çünki bu prosesin arxasında ciddi iqtisadi motivlər dayanmır. Əslində, Rusiyanın miqrantlara böyük ehtiyacı var. Amma siyasi baxımdan Rusiyanın daxilindəki iqtisadi, sosial və siyasi problemləri kiminsə üzərinə yıxmaq ehtiyacı yaranır. Bu vəziyyətdə miqrantlar ən “ideal” hədəf kimi seçilir və Rusiya cəmiyyətini bir mövzu ətrafında konsolidasiya edə biləcək yeganə sosial qrup kimi önə çıxarılır. Məncə, əsas məsələ də məhz budur". 

Ekspert hesab edir ki, ikinci mühüm məqam Rusiyada ictimai və siyasi institutların əksəriyyətinin faktiki olaraq iflic vəziyyətində olması, hakimiyyətə tam şəkildə bağlılığıdır:

"Ancaq etnik tərkibli diaspor təşkilatları hələ də aktivdir, ayaqdadır və müxtəlif təsir imkanlarına malikdir. Bu sərtləşmə tədbirləri həmin diaspor təşkilatlarının gücünün zəiflədilməsinə xidmət edəcək. Azərbaycanlılara qarşı xüsusi, fərqli münasibət yoxdur. Amma təbii ki, bu sərtləşmə tədbirləri azərbaycanlı miqrantlara da təsirsiz ötüşməyəcək, bu, demək olar ki, mümkünsüzdür". 

Səbinə Uğur
"Cebheinfo.az