Laçında saxlanılan “Çolka” ləqəbli erməni general: Əsgərləri qayışla döyür, ana söyüşü söyürdü

Laçında saxlanılan “Çolka” ləqəbli erməni general: Əsgərləri qayışla döyür, ana söyüşü söyürdü

Qondarma “Dağlıq Qarabağ Respublikasının” daha bir “vəzifəli” şəxsi Azərbaycan tərəfindən saxlanılıb.

Bu haqda Ermənistan mediası yazıb. Xəbərdə bildirilir ki, qondarma respublikanın “Milli Təhlükəsizlik Xidməti”nin direktoru Ararat Melkumyan Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Ararat Melkumyan bundan əvvəl separatçı-terrorçu dəstənin “Təhlükəsizlik Şurası” katibinin müavini olub. Daha sonra “Təhlükəsizlik Xidməti”nin direktoru təyin edilib.

Bəs Melkumyan kimdir?

Cebhe.info onunla bağlı məlumatları təqdim edir:

Araik Arutunyanın yaxın dostu olan Ararat Melkumyan saç düzümünə görə “Çolka” ləqəbi ilə tanınıb. Melkumyan 1990-cı illərdən Qarabağdakı separatçı hərakata qoşulub. 2016-cı ilin dörd günlük aprel müharibəsində iştirak edib.

Bundan əlavə, 2020-ci ildəki 44 günlük müharibədə, ötən ilin sentyabrın 13-də sərhəddə gedən döyüşlərdə də Azərbaycana qarşı vuruşub. Ona qondarma “ milli qəhrəman” adı da verilib. Aprel döyüşlərindən sonra erməni həbçilərdən biri Ararat Melkumyan barədə diqqətçəkən açıqlama verib.

Erməni zabit bildirib ki, Melkumyanın psixi problemləri var idi və əsgərləri qayışla döyürdü:

"Mənim xidmət etdiyim illərdə o qərargahın rəhbəri idi. O, əsgərlərə amansız münasibətilə seçilirdi. Əsgərlərə ana söyüşü söyür, özünü idarə edə bilmirdi. Mənim gözlərimin önündə əsgərləri uzandıraraq onların qayışlarını çıxardır və bütün gücü ilə onları döyürdü. Hətta Xankəndində uşaqları onu villisdən salıb döymüşdülər. Nə vaxt ki, o, bizim qərargahdan getdi, biz də nəfəs almağa başladıq. Əsgərlər deyirdi ki, müharibə başlasa, birinci Melkumyanı güllə ilə vuracağıq".

Naibə
Cebhe.info