Payızda sülh müqaviləsi imzalana bilər

“Azərbaycanla Ermənistan arasında 4 aydan çox idi ki, atəş dayanmışdı və sərhəddə nisbi sakitlik hökm sürürdü”.
Bu sözləri “Cümhuriyət”-ə açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib. Ancaq o xatırladıb ki, Ermənistanda olan müəyyən qüvvələr yenə də təxribatlar törətdilər:
“12 fevralda baş verən təxribat nəticəsində Azərbaycanın əsgərini yaralayanların terrorçu qruplaşmanın üzvləri olduğu üzə çıxdı. Nəticə etibarilə, Azərbaycan Sərhəd Qoşunlarının keçirdiyi əməliyyatla həmin terrorçuların dördü də yerindəcə məhv edildi.
Düşünürəm ki, bu da bir sınaq idi. Ermənilər öz aləmlərində növbəti dəfə Azərbaycanı yoxlamaq istədilər. Amma bir Azərbaycan əsgərinin yaralanmasına cavab olaraq dörd erməni faşisti gəbərdildi. Ona görə də bu gün Ermənistan Azərbaycanla konfliktə getməməyə çalışır”.
Ekspert qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasını dəyişməlidir:
“Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında ABŞ-nin dövlət katibi Entoni Blinken, habelə Almaniyanın Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirməsi sülh danışıqlarına yeni impuls verdi. Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu hər zaman bəyan edib.
Bunun üçün də Ermənistan Konstitusiyasında dəyişikliklər edilməlidir. Onlar ilk növbədə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər. Bundan sonra sülh müqaviləsinin imzalanmasından danışmaq olar”.
Siyasi şərhçi onu da əlavə edib ki, Bakı və İrəvan arasında sülh danışıqları davam etdiriləcək:
“Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 fevralda Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamalı olduğunu bəyan etdi. O, Cənubi Qafqaza sülhün gəlməsi üçün bunun vacib olduğunu, Qərb ölkələrinin bu prosesə qoşulmasının isə yolverilməz olduğunu vurğuladı. Bundan başqa, İran Prezidenti İbrahim Rəisi də Ermənistan ərazisində üçüncü bir ölkənin qüvvələrinə icazə verməyəcəklərini söylədi. Çünki bu, İranın da ərazisinə təhdid yaradır. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdiriləcək”.
Həmsöhbətimizin fikrincə, ermənilər gələcəkdə yenidən təxribata əl ata bilər:
“Sərhəddə yeni təxribatların olmayacağına heç kim təminat vermir. Çünki Ermənistan ərazisində hələ də terrorçu qruplaşmalar və hakimiyyətdən narazı qüvvələr var. Yəni ermənilər tərəfindən növbəti təxribatların törədilməsi mümkündür”.
Elşad Həsənov vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistanın siyasi rəhbərliyindən asılıdır:
“Onlar öz dövlətlərinin təhlükəsizliyini qorumaq üçün canfəşanlıq etməlidirlər. Əgər Ermənistanda Konstitusiyanın dəyişməsi ilə bağlı referendum keçirilsə, sülh müqaviləsi imzalana bilər. Hansı ki, artıq bu barədə də söhbətlər gedir. Hətta Ermənistan mətbuatında refendumun iyun ayında keçirilə biləcəyi də iddia olunur.
Düşünürəm ki, Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirilsə, payızda Azərbaycanla sülh müqaviləsi imzalanmasını gözləmək olar”.
Elmir Mustafa
"Cebhe.info"