Qarabağda nə qədər erməni qalıb? - "Çıxanların qeydiyyatını..."

Qarabağdan Ermənistana köçən ermənilərin sayı ilə bağlı şişirdilmiş rəqəmlər yayılır.
Ermənistan KİV-i və rəsmi dairələri hər gün guya 10 minlərlə erməni sakinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçdiyinə dair məlumatlar verir.
Artıq Ermənistan ərazisinə 100 mindən artıq erməninin keçdiyi iddia edilir. Hələ bir neçə min nəfərin də Qarabağda qaldığı, onların da çıxmasından sonra Xankəndi şəhəri və digər ərazilərdə bir nəfər də erməni qalmayacağına dair silsilə açıqlamalar gəlir.
Bu xəbərlərin davamlı və məqsədyönlü şəkildə verildiyi hiss olunur. Görünür, Ermənistan bu rəqəmləri yaymaqla Qarabağda 120 min nəfər erməninin yaşadığını əsaslandırmağa çalışır.
Halbuki, 44 günlük müharibədən sonra bölgəyə nəzarət imkanları genişlənən Azərbaycan dövləti həmin şəhər və kəndlərdə 25-27 min nəfər erməni sakinin yaşadığını rəsmən təsdiq edib.
Onların say göstəricilərinin artmasında maraqlı olan Rusiya sülhməramlıları belə, 53 min nəfərin olduğunu bildirib. Amma həm Ermənistan tərəfi, həm də separatçılar 1989-cu ilin statistikasına əsaslanaraq daima Qarabağ İqtisadi rayonunda 120 min erməninin yaşadığını deyib.
Sanki bu demkoqrafik göstəricidə son 34 ildə artım, nə də azalma baş verməyib. Elə buradan iddia edilən əhali sayının saxta olduğu aydın görünür.
Çox güman ki, 120 min nəfərin köçməsi barədə məlumatlar Qarabağda həmin sayda erməninin yaşdığını sübut etmək cəhdidir. Bununla da ermənilər beynəlxalq təşkilatlardan və diaspordan daha çox pul qopartmağa, eyni zamanda Azərbaycan ərazisinə qayıdış baş verərsə, 25 min nəfər əvəzinə 120 minin yerləşdirilməsi niyyəti güdür.
Politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında ermənilərin yaydığı say göstərcisinin həqiqətəuyğun olmadığını bildirib:
“Ermənilərin söylədiyi rəqəmlərlə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaydığı say göstəricisi arasında ciddi fərq var. Bu, üç instansiya tərəfindən izlənilir. Azərbaycandan çıxanların qeydiyyatını dövlət orqanları aparır və onların sayını dəqiq bilir.
Paralel olaraq, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyi də Qarabağdan Ermənistana köçənləri sayır. üstəlik, Rusiya sülhməramlı qüvvələri də onları sayır. Lakin say məsələsində yol verilən spekulyalarla bağlı incə bir məqam var.
Azərbaycan ərazisindən çıxan ermənilərin əksəriyyəti Ermənistan vətəndaşıdır. Bu isə o deməkdir ki, vaxtilə Ermənistandan Qarabağa gəlmiş insanların indi Qarabağ sakini adı altında Azərbaycandan çıxarılması prosesi gedir. Bu da köçənlərin sayının şişirdilməsinə xidmət edir. Amma bu sadəcə, hərəkətlilikdir.
Yəni əvvəllər Qarabağda süni məskunlaşdırılmış şəxslərin sayı ilə bağlı spekulyasiya edirlər. Halbuki, Ermənistan pasportu daşıyan şəxslər qaçqın sayıla bilməz. Çünki onlar Ermənistan vətəndaşlarıdır. Nə də onların sayının 120 min olduğunu iddia etmək doğru deyil.
Xatırladım ki, 1988-ci ilin göstəricilərinə görə, Qarabağda yaşayan etnik ermənilərin sayı da 120 min olmayıb. Həmin vaxt da şişirtməyə yol verilib. Əslində, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 120 min nəfər təşkil edib ki, ora həm azərbaycanlılar, həm də digər millətlərin nümayəndələri daxildir.
Bildirim ki, 1988-ci ildə Qarabağda yaşayan erməni əhalinin sayı 30 min nəfərdən artıq olmayıb. Hətta 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağda yaşayan ermənilərin böyük hissəsi təhlükəsizlik məqsədilə Ermənistana keçdikdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı onların sayının 45 min nəfər olduğunu göstərmişdi.
Həmin vaxt Ermənistan guya 90 min nəfərin qaçqın düşdüyünə dair məlumatlar yayırdı. İndi məntiqi olaraq, Rusiya sülhməramlı qüvvələri və Ermənistan bir suala cavab verməlidir ki, 45 min insanın sayı üç il ərzində necə oldu ki, 120 minə çatdı?
Onların da böyük əksəriyyəti Ermənistan pasportu daşıyır. Onların yerləşdirilməsi prosesini kim aparıb? Bunlar göstərir ki, sayla bağlı məqsədyönlü iş aparılıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının say hesablaması ilə həm sülhməramlı qüvvələrin, həm də Azərbaycan sərhədçilərinin təqdim etdiyi rəqəmlər arasında böyük fərq var. Müharibənin ən aktiv dövründə Xankəndidən çıxaraq Ermənistana yerləşənlərin sayı 45 min idi. Çünki bunu BMT-nin müvafiq qurumu Cənubi Qafqaz üzrə nümayəndəliyi sərhəddi keçənləri saymışdı. Əgər əlavə olaraq, 87 min nəfər sayılırsa, bu o deməkdir ki, üç il ərazində həmin sayda erməni ora yerləşdirilib.
Ermənistan vətəndaşı olan erməni isə heç bir qaçqın sayıla bilməz. Onlar Qarabağda süni məskunlaşdırılmışdı, qanunsuz miqrantdır. İndi öz ölkələrinə qayıdırlar”.
Müşfiq Abdulla
Cebhe.info