Separatçılar antiterror əməliyyatını yaxınlaşdırır

Separatçılar antiterror əməliyyatını yaxınlaşdırır

Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz məskunlaşan erməni separatçılarla Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı qalmaqal böyüyür.

Belə ki, Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi açıqlamaları separatçı rejimin etirazına səbəb olub. Artıq separatçıların keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan bununla bağlı birgə bəyanat yayıblar. Onlar Ermənistan hakimiyyətinin danışıqlar prosesindəki mövqeyini qəbul etmədiklərini və bütün mümkün vasitələrlə mübarizəni davam etdirəcəklərini bildiriblər.

Həmçinin, qondarma rejimin “parlamenti” bənzər bəyanat qəbul edərək rəsmi İrəvana etiraz edib. Görünən odur ki, Nikol Paşinyanın reallığı dərk etməsi və sülh müqaviləsini imzalamaq istəməsi separatçıları ciddi şəkildə narahat edir. Çünki onlar özləri də sonlarının çatdığını anlayırlar.

AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Nikol Paşinyanın beynəlxalq görüşlər çərçivəsində atılacaq addımlarla bağlı üzərinə götürdüyü öhdəliklər və razılaşdığı müəyyən məsələlərdən sonra Ermənistanda, eləcə də müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərindəki terrorçu tör-töküntüləri arasında sərsəm bəyanatlar səsləndirilir:

“Terrorçuların yaratdığı hansısa “qurumlar”ın kağız parçasına bərabər olan “bəyanatlar” qəbul etməsi mövcud geosiyasi reallıqları dəyişdirmir. Əslində, dünya erməni lobbisinin hərəkətlərinin bir daha təkrarlandığını görürük. Buradakı məqsəd və qurulan oyun çox sadədir. Bu, həmişə də belə olub. Yəni Ermənistanın dövlət və ya hökumət rəhbərləri Azərbaycanın gücü, habelə dünyanın tələbləri qarşısında rəsmi Bakının beynəlxalq hüquqa uyğun olaraq öz haqlı mövqeyini sübut etməsindən sonra razılığa gəlirlər, üzərlərinə müəyyən öhdəliklər götürürlər.

Ölkələrinə qayıtdıqdan sonra isə guya onlara müxalif olan qüvvələr vasitəsilə bu məsələlələ qarşı müəyyən fon formalaşdırmağa çalışırlar. Sonra da verdikləri sözdən və atdıqları imzalardan qaçırlar. Biz bunu Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı uzun illər ərzində yaşanan proseslərdə görmüşük”.

Ekspert vurğulayıb ki, bu şəraitdə müəyyən dərəcədə də olsa, reallıqları görüb məcbur olaraq bəzi məsələləri qəbul edən Paşinyana, eyni zamanda Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə atılan addımlara qarşı Qafqazda öz maraqlarını müdafiə etməyə çalışan üçüncü dövlətlər təxribatçıları şirnikləndirərək, onlara dəstək verməyə çalışırlar:

“Bu gün rus sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində terrorçu tör-töküntülərin hansısa “təlimlər” keçməsi, quldurluğa hazırlaşması Rusiya dövlətinin üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi deməkdir. Bu gün hələ də orada hansısa “qurum”dan, “parlament”dən və terrorçulardan bəhs edilirsə, bu, Rusiya və Ermənistanın atdıqları imzalara hörmətsizliyini nümayiş etdirir.

Bu cür təxribatçı əməllərin qarşısının alınmasına dair üçtərəfli Bəyanatda məsuliyyətin kimin üzərində və hansı müddətdə olduğu aydın şəkildə yazılıb. O Bəyanata imza atan digər tərəflər üzərlərinə götürdükləri məsələləri tənzimləmək iqtidarında deyillərsə, burada artıq Azərbaycanın təbii olaraq həmin ərazilərdəki terrorçulara qarşı antiterror əməliyyatı keçirmək hüququ yaranır. Ordumuzun orada özbaşınalıq edən, özünü nə isə zənn edən terrorçuları məhv etmək hüququ var”.

Elmir Mustafa
Cebhe.info