“8 Noyabr” stansiyasının tavanı damır: “Narahatlığa səbəb yoxdur”

Bakıda bir neçə gün əvvəl yağan yağışlar dayansa da “8 Noyabr” metrosu hələ də damır.
"Cebhe.info" saytının əmədaşı bu gün səhər saatlarında metronun “8 Noyabr” metrosunun "Xocəsən" stansiyası istiqamətində hərəkət edən qatarların tavanından yenə suyun damdığının şahidi olub.
Mütəmadi olaraq bu stansiyadan istifadə edən sərnişilərin verdiyi məlumata görə, hər dəfə yağan yağışlardan sonra bu hal təkrarlanır. Proses bitdikdən sonra yağışın tavanda yaratdığı problem, yəni sarı ləkələr kosmetik təmirlə (boya) aradan qaldırılır.
Burdan belə nəticəyə gəlmək olar ki, yağıntı sularının stansiyaya sızmasının qarşısı almaq üçün inşa edilən drenaj sistemi ya düzgün qurulmayıb, ya da keyfiyyətsiz materiallardan istifadə olunub.
Bununla bağlı "Cebhe.info"-nun əməkdaşı “Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb.
Qurumun rəsmisi bildirib ki, metronun “8 Noyabr” stansiyasının tavanından axan su qrunt sularıdır:
“Qrunt sularının axması Bakı metropolitenində baş verə biləcək daimi hadisələrdən biridir. Bununla bağlı mübarizə aparırıq. Belə ki, qrunt suları metropoltenin su anbarlarına yönləndilir, oradanda da nasoslar vasitəsilə Bakı şəhər kanalizasiya sistemlərinə vurulur. Beləliklə axının qarşısını alırıq. Lakin bu hallar təkrar baş vərə bilər. Narahatlığa heç bir səbəb yoxdur. Bütün zəruri tədbirlər görülür".
Xatırladaq ki, Bakı metropoliteninin 26-cı, "Bənövşəyi" xəttin 3-cü, Vətən müharibəsində qazandığımız böyük zəfər şərəfinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə "8 Noyabr" adlandırılmış yeni stansiya 2021-ci il mayın 29-da istifadəyə verilib.
Həsən Məmmədov
“Cebhe.info”