Azərbaycana qadağalar qayıdır

“Qızılca xəstəliyi daha geniş arealı əhatə etsə, pandemiya dövründə olduğu kimi, müəyyən qadağalar tətbiq oluna bilər”.
Bunu “Cebhe.info”-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib. Qızılca xəstəliyinin ölkədə tüğyan etməsi ilə əlaqədar deputat qeyd edib ki, vəziyyət daha da kritikləşərsə, müəyyən tədbirlər həyata keçirilməlidir:
“Dünyada baş verən siyasi kataklizmlər, terrorlar çox böyük təhlükəni ehtiva edir. Bunlarla birgə, qloballaşan dünyada sərhədlərin açıq olması, virusların yayılması da təhlükəlidir. Biz koronavirus dövründə bunun şahidi olduq və bir müddət dünya şokdan çıxa bilmədi. Qızılca xəstəliyi yeni deyil, uzun illərdir ki, mövcuddur. Xəstəliyin qarşısını peyvəndlə almaq mümkündür. Hazırda hər gün qızılcaya yoluxmalar haqqında məlumat alırıq. Peyvəndlənmə prosesinə biganə yanaşmamalıyıq”.
Deputat qeyd edib ki, insanlar peyvəndlənmə prosesinə könüllü getməli, xəstəliyə ciddi yanaşmalıdırlar:
“Xəstəliyin insan həyatına son qoya bildiyini hər kəs dərk etməlidir, peyvənddən yayınma hallarına yol vermək olmaz. Əgər xəstəliyin artım tempi sürətlənsə, dövlət hər hansı radikal addımlar ata bilər”. Xatırladaq ki, gün ərzində Oğuzda 10 nəfər, Xaçmazda 20 nəfər və Bakıda Uşaqlar Birliyinin sığınacağında 40 nəfərə yaxın uşaq qızılcaya yoluxub.
Ləman İsmayıl
“Cebhe.info”