Azərbaycanda orta təbəqəni necə gücləndirmək olar?
Son illər Azərbaycanda sosial-iqtisadi strukturda diqqəti çəkən əsas tendensiyalardan biri orta təbəqənin vəziyyəti ilə bağlı dəyişikliklərdir.
Orta təbəqə hər bir ölkədə iqtisadi sabitliyin, istehlak gücünün və sosial balansın əsas dayaqlarından biri hesab olunur. Lakin gəlirlərin artım tempi, əmək bazarındakı imkanlar və inflyasiya səviyyəsi bu təbəqənin dayanıqlılığına birbaşa təsir göstərir.
Maaşların real artım tempinin zəif qalması və qiymətlərin, xüsusilə də gündəlik istehlak məhsullarında bahalaşma, orta təbəqənin alıcılıq qabiliyyətini zəiflədir və onların sosial rifahına təzyiq yaradır.
Bu proses həm iqtisadi, həm də struktur xarakterli səbəblərlə izah olunur. Bu kontekstdə orta təbəqənin zəifləməsinin əsas iqtisadi səbəblərinin araşdırılması, qiymət artımı ilə gəlir artımı arasındakı disbalansın təsirlərinin təhlili və gələcəkdə bu təbəqənin gücləndirilməsi üçün mümkün iqtisadi islahatların müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin fikrincə, büdcədə sosial paket normaldır, artımlar nəzərdə tutulub:

“Amma gəlin etiraf edək: bu artımlar insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir. Qiymətlər sürətlə artır, orta təbəqə daralır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir. Əməkhaqqı və pensiya artımları var, real bazarda isə bu artımın təsiri hiss olunmur”.
İqtisadçı-ekspert Asif İbrahimov “Cümhuriyət”-ə bildirib ki, iqtisadi inkişafın qarşısında duran əsas maneələrdən biri ağır və çevik olmayan bürokratik aparatdır:

“Velosipedi yenidən icad etmək lazım deyil. Sadəcə uğurlu modelləri ölkəmizə tətbiq etmək lazımdır. Dünya təcrübəsi göstərir ki, sürətli inkişaf edən ölkələrdə dövlət idarəçiliyi kiçik, operativ və nəticəyönümlü olur.
Azərbaycanda isə bir çox hallarda qərar vermə prosesi həddindən artıq mərkəzləşmiş və bürokratik mərhələlərlə yüklənmiş vəziyyətdədir. Bu gün sahibkarın qarşısında duran əsas problemlərdən biri bazar rəqabəti yox, inzibati maneələrdir.
Qanunvericilikdən tutmuş, idarəetmə texnologiyalarına qədər yenilənməlidir. Kiçik və orta biznesin inkişafı üçün ayrılan vaxtın, resursların böyük hissəsi istehsala və innovasiyaya deyil, sənəd dövriyyəsinə, icazələrə və müxtəlif prosedurlara sərf olunur.
Bu isə iqtisadi dinamikanı zəiflədir, investisiya mühitini soyudur və təşəbbüskarlığı öldürür. Nəticədə kiçik sahibkar ortaya, orta sahibkar isə iri sahibkarlarlıq subyektinə çevrilə bilmir”.
Ekspert bildirib ki, struktur islahatları artıq seçim deyil, zərurətdir:
“Azərbaycan ən çox məmuru olan ölkələrdən biridir”
“Eyni funksiyanı yerinə yetirən qurumların çoxluğu, paralel idarəetmə mexanizmləri və həddindən artıq inzibati şişkinlik dövlət xərclərini artırmaqla yanaşı, operativ qərarverməni də ləngidir.
Müasir iqtisadiyyat çevik idarəetmə tələb edir. Rəqəmsal dövrdə sovet tipli ağır bürokratik model ilə rəqabət aparmaq mümkün deyil. Ən ciddi problemlərdən biri də üfüqi və şaquli məsuliyyət bölgüsünün qeyri-müəyyən olmasıdır.
Bir çox hallarda qərar qəbul edənlə nəticəyə görə cavabdeh olan arasında fərq yaranır. Bu isə həm hesabatlılığı zəiflədir, həm də sistem daxilində passivlik yaradır. Bir mütəxəssis olaraq hesab edirəm ki, Azərbaycanda dövlət idarəçiliyi optimallaşdırılmalı, bir birini təkrarlayan paralel qurumlar birləşdirilməli və ya ləğv edilməlidir.
Rəqəmsal idarəetmə genişləndirilməli və nəticəyə əsaslanan idarəçilik modeli qurulmalıdır. Hökumət qurumlarının fəaliyyətinin səmərəliliyinin ölçülməsi məqsədilə KPİ-lar tətbiq edilməlidir. Azərbaycan dünyada ən çox məmur sayına malik ölkələrdən biridir.
Məmur sayından çox effektivlik əsas götürülməlidir. Bəzi hallarda iqtisadiyyata ən böyük maneə resurs çatışmazlığı deyil, idarəetmənin ağırlığı olur. Azərbaycan isə kifayət qədər resursa və potensiala malik ölkədir.
Problem resursların olmaması yox, onların çevik və səmərəli idarə edilə bilməməsidir”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nasirli isə bildirib ki, Azərbaycanda orta təbəqənin zəifləməsinin əsas iqtisadi səbəblərindən biri maaş artımının həyat xərclərinin artımına uyğun olmamasıdır:

“Ailələr qənaətə məcbur olur”
“Son illərdə ərzaq, kirayə, kommunal xidmətlər və digər gündəlik ehtiyacların qiyməti sürətlə bahalaşıb. Ancaq insanların gəlirləri eyni sürətlə artmadığı üçün ailələrin alıcılıq qabiliyyəti zəifləyib.
Bundan başqa, iş yerlərinin bir hissəsinin aşağı maaşlı olması, qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsi və biznes imkanlarının məhdudluğu da orta təbəqənin zəifləməsinə təsir edir.
Maaşların artmaması və qiymətlərin bahalaşması orta təbəqənin həyat səviyyəsini aşağı salır. İnsanlar əvvəl rahat şəkildə qarşıladıqları xərcləri ödəməkdə çətinlik çəkməyə başlayırlar.
Ailələr qənaət etməyə məcbur olur, təhsil, səhiyyə və istirahət kimi sahələrə daha az pul ayırırlar. Bəzi insanlar əlavə iş axtarmağa və ya kreditdən istifadə etməyə məcbur qalır.
Bu vəziyyət uzun müddət davam etdikdə orta təbəqənin bir hissəsi maddi baxımdan daha zəif sosial qrupa çevrilə bilər. Gələcəkdə orta təbəqənin güclənməsi üçün iqtisadi islahatların aparılması vacibdir. İlk növbədə maaşların inflyasiyaya uyğun artırılması və yeni, yüksək maaşlı iş yerlərinin yaradılması lazımdır.
Kiçik və orta sahibkarlığa dəstəyin artırılması, qeyri-neft sektorunun inkişafı və vergi sisteminin daha əlverişli olması da mühüm rol oynayır. Təhsil və peşə hazırlığının gücləndirilməsi insanların daha yaxşı iş tapmasına kömək edə bilər”.
İqtisadçı qeyd edib ki, eyni zamanda bazarda qiymət sabitliyinin qorunması və sosial müdafiə tədbirlərinin genişləndirilməsi orta təbəqənin iqtisadi vəziyyətini daha dayanıqlı edə bilər.
Aişə
"Cebheinfo.az"

