Azərbaycanda “Satınalma güzəştinin tətbiqi Qaydası" dəyişib

Azərbaycanda “Satınalma güzəştinin tətbiqi Qaydası" dəyişib

Nazirlər Kabineti 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Satınalma güzəştinin tətbiqi Qaydası”nda dəyişiklik edib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra malın yerli mənşəli olması satınalmada iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin müraciətinə əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin verdiyi malın mənşəyi barədə rəy əsasında müəyyən ediləcək.

İndiyə qədər malın yerli mənşəli olması satınalmada iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin müraciətinə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” tərəfindən malın istehsalçısı olan təchizatçıya münasibətdə ona təqdim edilən malın mənşəyi barədə rəy və Xidmət tərəfindən verilən malın mənşə ölkəsini təsdiq edən sertifikat əsasında, malın istehsalçısı olmayan təchizatçıya münasibətdə isə ona təqdim edilən malın mənşə ölkəsini təsdiq edən sertifikat əsasında müəyyən edilirdi.

Bundan başqa, qərarla istehsalçı malın mənşəyi barədə rəyin almaq üçün “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nə malın istehsalında istifadə olunan xammal, yarımfabrikat, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materiallar xarici ölkə mənşəli olduğu halda, yəni advalor pay qaydası tətbiq olunduqda, xarici mənşəli xammal və komponentlərin dəyərinin təqdim edilən malın franko-zavod qiymətində faizlə payı barədə müvafiq qaydada təsdiq olunmuş arayış (zəruri hallarda kalkulyasiya) təqdim etməyəcək.

Bundan başqa, satınalmada güzəşt əldə etmək istəyən sahibkarların malının istehsalında iştirak edən yerli işçi qüvvəsinin sayı ümumi işçilərin sayının 50 %-dən artıq olmalıdır.

"Cebheinfo.az"