Azərbaycanda taksi qıtlığı olacaq?

Azərbaycanda taksi qıtlığı olacaq?

Artıq 600-dən çox sürücü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək taksi fəaliyyəti üçün icazələr əldə edib.

Bu barədə AYNA-dan bildirilib. Məlumata görə, uzun illərdən sonra taksi fəaliyyəti üçün icazələrin (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alınmasına başlanılıb. İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. 

İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb. Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək. 

Taksilər haqqında qəbul edilmiş qərar qüvvəyə minəndə, yəni iyulun 1-dən sonra ölkədə taksi qıtlığı yaranacaq? 

Nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, taksilər haqqında qəbull edilmiş qərar bir çox taksi sürücülərini yarı yolda qoyacaq:

“Hazırda fəaliyyət göstərən bir çox taksi sürücüləri yeni tələblərə cavab vermir. Taksidə fəaliyyət göstərən sürücülərin çoxu təlimlərdən boyun qaçırdırdı. Dövlətin qəbul etdiyi qərarları nəzərə almayaraq “qoy görək nə olur” deyib heç bir iş görmədikləri üçün bir çox sürücü taksidə fəaliyyət göstərə bilməyəcək. Bu, əlbəttə, taksilərin sayına mənfi təsir göstərəcək. Ancaq kosmik problemlərə səbəb olacağı gözlənilmir”. 

Ekspert vurğulayıb ki, taksilərin sayının azaldılmasına dair hər hansı qərarın qəbulu gözlənilmir:

“Taksilərin sayı azaldılacaq deyə sosial şəbəkələrdə müzakirlər gedir. 

Lakin belə deyil. Ölkəmizdə əhalinin sıxlığını nəzərə alsaq, bu qərarın reallaşacağı gözlənilən deyil. Sadəcə olaraq, narkomanlar, cinayətkarlar daha taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Hər kəs deyirdi ki, taksilərlə bağlı qərar qəbul edilsin. 

Artıq qərar qəbul edilib. Lakin yenə də sosial şəbəkələrdə narazılıqlar artır”. 

Ekspert qeyd edib ki, qeydiyyatdan keçən sürücülərin sayı iyun ayından başlayaraq artacaq:

“Bizim ölkədə hər zaman qərar qüvəyə minmədən bir neçə gün öncə kütləvi halda vətəndaşlar qeydiyyatdan keçir. Taksidə də belə olacağı gözlənilir. Qərar qüvvəyə minmədən bir neçə gün öncə taksi sürücüləri uzun növbələr gözləyərək qeydiyyatdan keçməyə çalışacaqlar. Mən taksi sürücüləri ilə həmsöhbət olanda soruşuram ki, nə üçün qeydiyyatdan keçmirsiniz? Cavab verirlər ki, gözləyək görək başımıza nə gəlir. Elə düşündükləri üçün sonra əziyyəti də elə özləri çəkirlər”. 

Həsən Məmmədov 
“Cebhe.info”