Azərbaycandakı pensiya, müavinət və yardım alanların sayı

Azərbaycandakı pensiya, müavinət və yardım alanların sayı

2025-ci il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1100,5 min nəfər pensiyaçı qeydiyyatda olub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeydiyyatda olan pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,4 faizi yaşa, 23,1 faizi əlilliyə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,2 faiz artaraq  537,3 manat təşkil edib və orta aylıq əmək haqqının 49,6 faizinə bərabər olub.  

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli sərəncamına əsasən, 2025-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. 

“Əmək pensiyaları haqqında” Qanunda edilmiş müvafiq dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 14,3 faiz artırılaraq 2025-ci ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub.  Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ sosial müavinətlər təyin edilir.

Belə ki, 2025-ci il aprelin 1-i vəziyyətinə yaşa görə aylıq müavinət alanların sayı 161,6 min nəfər, əlilliyə görə - 217,9 min nəfər (onlardan 41,6 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər), ailə başçısını itirməyə görə - 57,1 min nəfər, digər müavinət növlərini alanların sayı isə 22,7 min nəfər olub.

Eyni zamanda, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 4,3 min ailəsinə 6,3 min uşaq üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 163 nəfər qəyyumuna (himayəçisinə) aylıq müavinət verilib.

Bundan əlavə, 2 759 nəfər bir yaşınadək uşağı olan 2 702 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,8 min qadına 12,5 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 284 şəxsə isə kompensasiya verilib.

2025-ci ilin üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 8,5 min ailəyə 8,8 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün, 1,5 min nəfərə dəfn üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1,4 min nəfərə birdəfəlik müavinətlər verilib.

2025-ci il aprelin 1-i vəziyyətinə 75,1 min aztəminatlı ailənin 329,7 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 102,95 manat təşkil edib. Eyni zamanda, müxtəlif kateqoriyadan olan 401,5 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.  

"Cebheinfo.az"