Bakıda istədiyimiz yerə 20 dəqiqəyə çatacağıq: Yeni layihə tıxacı yox edəcək?

Bakıda istədiyimiz yerə 20 dəqiqəyə çatacağıq: Yeni layihə tıxacı yox edəcək?

“Bakıda 2030-cu ilə qədər səfərlərin 30-40 %-i fərdi nəqliyyatla, yerdə qalanı ictimai nəqliyyat və mikromobilliklə ediləcək”.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev AYNA-da yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, daha yaxşı ictimai nəqliyyatın təşkilinə nail olanda 90 % əhalinin 500 metr piyada məsafəsində ictimai nəqliyyata çıxışı olacaq:

“100 km-dən artıq velosiped yolları və rəqəmsal həllər tətbiq ediləcək. İş yerlərinə və əsas maraq nöqtələrinə təxminən 20 dəqiqədə çatmaq olacaq. Daha yüksək təhlükəsizlik yol-nəqliyyat hadisələrində 100 min nəfərə düşən ölüm sayı 4-dən az olacaq. 

Səfər edənlərin adam başına düşən illik karbon emissiyaları 600 kq-dan az olacaq və bunun müsbət sosial-iqtisadi təsirləri olur”.

Qeyd edək ki, yollarda tıxac yaranması, ictimai nəqliyyatın çatışmazlığı bu gün paytaxtın əsas problemlərindəndir.

Bəs mövcud infrastruktur Bakıda 2030-cu ilə qədər səfərlərin 30-40 %-i fərdi nəqliyyatla, yerdə qalanı ictimai nəqliyyat və mikromobilliklə təşkil edilməsi mümkün olacaqmı?

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Cebheinfo.az”a bildirib ki, hazırda tıxacı, sıxlığı aradan qaldırmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqladığı kimi ictimai nəqliyyata və mikromobilliyə üstünlük verməliyik:

“Məhz bütün dünya böyük şəhərlərdə bu yolla tıxacların, sıxlığın qarşısını alırlar. Bu gün Avropada adambaşına düşən şəxsi nəqliyyat vasitələrinin sayı, bizdəki qədər deyil. Hər kəs fərdi nəqliyyat vasitəsilə istədiyi yerə getsə, vəziyyət bundan da ağır olacaq.

Bildirim ki, şəhərdə parkinq yerləri məhduddur. Hazırda ictimai nəqliyyatın işi təkmilləşdirilir, velosiped zolaqları çəkilir. 

Təbii ki, əsas hədəf budur. Hələlik 2030-cu ilə qədər xeyli vaxt var. Fikrimcə, 6 ilədək bu zolaqların çəkilişləri uğurla tamamlanacaq. Vətəndaşlara təşviq edəcəyik ki, hər biri yaxın, 500 metrə qədər olan məsafələrə piyada getsinlər, ya da velosipedən istifadə etsinlər. Bu onlar üçün sağlamlıqdır, vaxt itkisi deyil, maddi baxımdan xeyirdir.

Avtomobillə getdiyi zaman park etməyə yer tapa bilməyəcək, cərimələnəcək, tıxacda qalacaq. Bütün bu proseslər kompleks şəkildə həll olunduğu zaman biz o hədəfə çatacağıq.

Həm infrastruktur yaradılacaq, həm insanların zehnində yerləşdiriləcək ki, “biz bu hərəkətləri etsək bu bəladan, vaxt itkisindən, tıxacdan, sıxlıqdan xilas olacağıq”. Bu gün istər skuter, istərsə velosipedən istifadə edənlərin sayı çoxdur. Düşünürəm ki, tezliklə buna nail olacağıq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”