Böyük təhlükə: Kür çayı daşa bilər?

Böyük təhlükə: Kür çayı daşa bilər?

Bir neçə gündür yağan yağışlar nəticəsində bəzi çaylarda sululuğun artımı müşahidə olunub.

Masallı rayonu ərazisindən axan Viləşçayda suyun səviyyəsi 3 sm, Tovuz rayonu ərazisindən axan Zəyəmçayda 2, Göygöl rayonu ərazisindən axan Gəncəçayda isə 2 sm artım müşahidə olunub.

Gecə saatlarında yağan yağışlar nəticəsində Türyançay və Göyçay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində Zərdab rayonu ərazisindən axan Qarasuçayda suyun səviyyəsi 35 sm artıb.

Nəticədə Kür çayının Zərdab məntəqəsində də suyun səviyyəsində 71 sm artım müşahidə olunub və yaxın günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsinin artımı gözlənilir.

Maraqlıdır, sululuğun artması Kürdə daşqına səbəb ola bilər?

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu gözlənilmir:

"Kür çayında balans var və bu, pozulmamalıdır. üstəlik bu yağış daşqın yaradacaq səviyyədə deyil. Həmçinin, Kürün daşmasının xeyri yox, ziyanı dəyə bilər. Təbii ki, ümumilikdə havanın bu şəkildə keçməsi, yağıntıların düşməsi suyun səviyyəsinin qalxması üçün önəmli amildir.

Qeyd edim ki, son bir neçə ayada Kürün quruması prosesi gedirdi. Bu cəhətdən yağıntıların düşməsi yaxşıdır, balans tənzimlənir. Hazırda Kür çayı üzərində 3 nəhəng su anbarı var. Onların tamamilə dolması üçün isə kifayət qədər su ehtiyatı lazımdır.

Düşünmürəm ki, bundan sonra davamlı olaraq yağış düşsün və Kür çayı daşsın, bu mümkün deyil. Çünki yay mövsümüdür və yayda sululuğun artmasından daha çox azalması müşahidə edilir".

Naibə
Cebhe.info