Cərimə boşanmanı azalda bilər, amma...
Xəbər verdiyimiz kimi, müğənni Eldəniz Məmmədov “Günə bax” verilişində boşanmaların artması ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Sənətçi bəzi ölkələrdə tətbiq olunan cərimə mexanizmlərinin Azərbaycanda da tətbiq edilməsinin tərəfdarı olduğunu deyib. O bildirib ki, Türkiyədə ayrılan şəxslər dövlətə 30-40 min dollar cərimə ödəyirlər.
“Bizdə də bu qanun olsun. 50 min dollar cərimə yazsınlar. Onda görün hamısı necə yola gedir. “Bir yerə getmə” deyirsən, dava düşür. Xırda şeylərə görə yola getmirlər”, – deyə müğənni əlavə edib.
Qeyd edək ki, Türkiyədə boşananlara sırf boşandıqlarına görə cərimə və ya tənbeh tətbiq edilmir. Lakin məhkəmə məsrəfləri, məhkəmə qərarlarını icra etməyənlər üçün nəzərdə tutulan cəzalar, həmçinin tərəflərin qarşılıqlı təzminat tələb etmək hüququ mövcuddur.
“Cebheinfo.az”-a açıqlamasında psixoloq-psixoterapevt Xudaverdi Məmmədov bildirib ki, müğənni Eldəniz Məmmədov maraqlı çıxış edib, amma boşanma ilə bağlı real statistik faktlar göstərir ki, bu məsələ kifayət qədər çoxşaxəlidir:

“Bu prosesə təsir göstərən bir sıra psixoloji faktor var. Yəni, ümumiyyətlə, dövlətin boşanmanı qadağan etməsi və burada hər hansı bir cəza tətbiqi problemi həll etməyəcək, sadəcə ört-basdır etmiş olur. Çünki hüquqi baxımdan yanaşıldıqda, boşanma anlayışı, məfhumu və ya proseduru bir evliliyin sonlanmasıdır.
Amma boşanmayan, aralarında sevgi və ya digər yaxınlıq emosiyalarının olmadığı bir çox cütlük var. Bunları da nəzərə alsaq, yəni boşanmaya gətirib çıxaran psixoloji faktorları həll etmədən, onları nəzərə almadan, hər hansı cəza və ya bənzər prosedurların tətbiqi boşanma statistikasını o qədər də azaltmayacaq”.
Psixoloq-psixoterapevt vurğulayıb ki, əgər məqsəd yalnız boşanma statistikasını azaltmaqdırsa, bu, müəyyən qədər rəqəmlərdə azalmaya səbəb ola bilər:
“Bəlkə rəqəmlərdə müəyyən qədər fərqliliklər müşahidə oluna bilər. Amma bu, boşanmanın psixoloji səbəblərini aradan qaldırmayacaq. Yəni sadəcə burada hədəf boşanma statistikasını azaltmaqdırsa, bəlkə də bu, bir az işə yaraya bilər. Amma, ümumiyyətlə, evli cütlüklərin psixoloji və ya sosial- iqtisadi səbəblərdən boşanmalarına hər hansı cəzanın tətbiq olunması yekun olaraq problemləri həll etməyəcək”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

