İmtahan sualları asanlaşdı...

İmtahan sualları asanlaşdı...

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilmiş buraxılış imtahanlarında ən yüksək nəticəni göstərən şagirdlərin sayı artıb.

Belə ki, 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə görə, 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələrinə görə isə 39 nəfər 300 bal toplayıb. Bu il  buraxılış imtahanından maksimal balı toplayanların sayının çox olması müşahidə edilir. İlk yüksək nəticə göstərən şagirdlərin 43 % -i Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini təmsil edib. Bu cür yüksək nəticəni Şəki və Qəbələdən 6 nəfər, Bakıdan 6 nəfər, Xırdalandan 1 nəfər və Gəncədən cəmi 1 nəfər şagird qazanıb. Dövlət İmtahan Mərkəzinin əvvəlki illərdə təşkil etdiyi bu tip imtahanlarda maksimal 300 bal toplayan nadir hallarda olurdu.

Hətta riyaziyyat fənnindən imtahanlarda  əvvəlki illərdə xeyli sayda şagird "0" bal toplayıb.  Bu gün buraxılış imtahanlarında ən yüksək balı toplayanların sayının artması təhsilin göstəricisinin artması kimi dəyərləndirilməlidir, yoxsa Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin birgə fəaliyyətinin nəticəsidir?  

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirib ki, ötən illərin nəticələrinə baxsaq, Dövlət İmtahan Mərkəzinin hər 5-6 ildən bir məzunların nəticələrinin yüksək olması ilə bağlı rəqəmlər təqdim etdiyini görürük:

“Daha doğrusu, məzunlar yüksək nəticə göstərirlər. Ancaq reallıq ondan ibarətdir ki, nəticələrin kəskin, birdən-birə artması, DİM-in nəticələrə ümumi təsirinin olmasını göstərir. Necə ola bilər ki, keçən il, son 4-5 ildə nəticələr aşağı idi, hətta yüksək bal toplayanlar yox idi, ancaq birdən-birə 2024-cü ildə 53 nəfər birinci mərhələdə yüksək nəticə göstərib? Buradan açıq görünür ki, DİM istədiyi vaxt sualları asan, istədiyi vaxt çətin qoya bilir. Çox arzulayardım ki, növbəti illərdə də nəticələr belə olsun.

Sual olunur ki, necə oldu ki, 1 il ərzində nəticələr bu qədər artdı? Xüsusilə də biz pandemiyadan 2-3 ildir ki, çıxmışıq. Mən o fikirdəyəm ki, DİM  istədiyi vaxt sualları asanlaşdıır, istədiyi vax çətinləşdirir. Suallara istədiyi formada təsir etmək imkanı var".

Ekspert deyir ki, DİM-dən test hazırlamaq səlahiyyəti alınmalıdır: "DİM imtahanların keçirildiyi texniki bir quruma çevrilməlidir. 2024-cü ilin nəticələri bir daha onu göstərdi ki, təhsilin nəticələrinin ölçülməsi DİM-in istəyinə uyğun həyata keçirilir. Ona görə də məzunların buraxılış imtahanlarının nəticələrini təhsilin nəticəsi kimi təqdim olunmasının əleyhinəyəm”.

Nigar Abdullayeva
“Cebhe.info”