Doğulan qızlara görə birdəfəlik ödəniş verilə bilər?

Doğulan qızlara görə birdəfəlik ödəniş verilə bilər?

Azərbaycanda son illər selektiv abortlar çoxalıb.

Təkcə  2022-ci il ərzində qeydə alınan abortların sayı 31,747 olub. Ümumiyyətlə, son illər ölkədə müşahidə olunan demoqrafik proseslərin təhlili yeni doğulmuşlar arasında oğlan uşaqlarının üstünlük təşkil etməsini göstərir, bu da hər 100 qız üçün 114 oğlanın doğulmasıdır və bioloji normadan (yeni doğulmuş hər 100 qıza 105-107 oğlan) xeyli artıqdır.

“2020-2025-ci illər üzrə fəaliyyət planına uyğun olaraq Azərbaycanda selektiv abortlarla mübarizə məqsədli müxtəlif layihələr həyata keçirilir və bu davam edəcək”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova selektiv abortlar mövzusuna həsr olunmuş "Güclü zəriflər" tamaşasının təqdimatında deyib. O qeyd edib ki, xüsusilə mədəniyyət və incəsənət vasitəsilə cəmiyyətin bütövlüyünə, gender bərabərliyinə mane olan stereotiplərin qarşısını almaq əsas hədəfdir. 

Selektiv abortların qarşısını almaq üçün bəzi ölkələrdə  doğulan hər qız uşağına görə birdəfəlik ödəniş təklif edilir. Bu, bizim ölkədə də olarsa, selektiv abortlar azala bilərmi? 

Sosioloq Lalə Mehralı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bunu ödəniş müqabilində etmək effekt verməz:

"Öz övladını selektiv aborta məruz qoyan insanlar uşaq doğulandan sonra da ondan imtina etmək potensialına sahibdir. Ödənişi ala bilmək üçün selektiv abort etdirməyəcək, amma doğulandan sonra qız övladından imtina edəcək. Ona görə də elə mexanizm işlənməlidir ki, nəzarət güclü olsun. İnsanların maarif səviyyəsini artırmaq lazımdır. İnsanlar anlamalıdırlar ki, 13 həftəsində qətl etdikləri övladı ilə doğulandan sonra qətl etdikləri övladı arasında heç bir fərq yoxdur. Sadəcə ölçü fərqi var". 

Onun sözlərinə görə, bu sahədə də cərimə və cəza olmalıdır:

"Əslində nəyin cəriməsi çoxdursa, cəzası sərtdirsə, onu etməkdən çəkinirlər. Selektiv abort məsələsində də belə etmək lazımdır. Həkimləri, selektiv aborta gələni, qadını buna məcbur edəni cəzalandırmaq lazımdır. Müəyyən həftəyə qədər cinsiyyət deyilməməlidir. Ana bətnində cinsiyyətin deyilməsi qadağan edilməlidir ki, müddət keçsin, aborta icazə verilməsin. Lakin belə olanda da qeyri-leqal olaraq süni doğuş adı altında abort həyata keçirirlər. Burada həkimlərin məsuliyyəti böyükdür. Həkim  boynuna götürməsə, heç bir qadın buna gedə bilməz. “Ödəniş təklif etdilər, selektiv abortdan çəkindi” – bunu demək sadə görünür, amma sadə deyil. Bundan sonra əlavə problemlər də ortaya çıxır". 

Naibə 
"Cebhe.info"