Gözəllik “qurban”ları: Bakıda kosmetoloq adı ilə çalışan “cəllad”lar

Gözəllik “qurban”ları: Bakıda kosmetoloq adı ilə çalışan “cəllad”lar

Dırnaqlara estetik forma və görünüş vermək üçün tətbiq edilən protez dırnaq tətbiqi son illərdə populyarlaşıb.

Günümüzdə bir çox qadınlar qalıcı dırnaqlardan istifadə edir. Bu tip boyalar 3-4 həftə boyunca dırnağa yapışıb qalır. Vaxt tamam olanda isə gel boya yenisi ilə əvəzlənir.

Boyadan imtina edəndə, dırnaqlar sürətlə zəifləyib qırılmağa, parlaqlığını itirməyə başlayır. Çox zaman isə bu iş bir neçə aylıq kosmetoloji kursdan keçən şəxslərə həvalə olunur. Digər ölkələrdə bu işlə, ümumiyyətlə, üz üçün tətbiq olunan bütün prosedurlarla məşğul olmaq istəyən şəxslərin həm də tibbi təhsil alması tələb olunur.

Bəs ölkəmizdə bununla bağlı vəziyyət necədir?

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, ölkəmizdə kosmetoloqların heç də hamısının tibbi təhsili yoxdur:

"Bir çox ölkələrdə buna xüsus diqqət yetirilir. Dəri insan orqanizminin ən vacib hissələrdən biridir. İnsan orqanizminin xüsusiyyətlərini, apardığı işlərin insan dərisində hansı xəstəliklərə təsirli ola biləcəyini bilmədən dəriyə istənilən proseduru etmək yolverilməz hesab olunur.

Bunları həkim kosmetoloqlar yerinə yetirilməlidir. Adi saç keratini saçın dibində, baş dərisində zədələnmələr yarada bilər. Zərərli maddələr qana daxil ola bilər, immun sistemi zəif olarsa, o maddənin zərəsizləşdirib bədəndən  çıxarılması anfilaktik şoka qədər çox ağır nəticələr yarada bilər. İnsan orqanizminə müdaxilə oluna bilən bütün kosmetoloji proseslər həkim nəzarətində olmalıdır".

Naibə
"Cebhe.info"