İqbal Ağazadənin müavini tıxaclara əlac tapıb: “İş saatı, onlayn növbə...”

İqbal Ağazadənin müavini tıxaclara əlac tapıb: “İş saatı, onlayn növbə...”

“Tıxaclarla bağlı əksəriyyətin fikirləri üst-üstə düşür. Çünki hamı bundan əziyyət çəkir. Yəni tıxaclar şəxsi avtomobili olanları da, ictimai nəqliyyatdan istifadə edənləri də narahat edir”. 

Bu sözləri Azərbaycan Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, Ümid Partiyasının tıxaclarla bağlı əsas təklifi Bakının yükünü azaltmaqdır:

“Xüsusən də universitetlərin bəzilərini regionlara köçürmək lazımdır. Məsələn, universitetləri Ağdama, Füzuliyə, Bərdəyə və ya digər bölgələrə köçürmək olar. Ümumiyyətlə, tıxac elə bir problemdir ki, onu 1-2 aya həll etmək qeyri-mümkündür. Bunun üçün illər lazımdır. Onu da nəzərə almaq lazımdır ki, paytaxtdakı tıxac hər keçən il daha da artır. Yəni tıxacın əsas səbəbi Bakıda insanların sayının çox olmasıdır. Sıxlığın bir səbəbi də torpaqların işğal altında olması idi. Çünki insanlar məcburi şəkildə Bakıya və ətraf ərazilərdə məskunlaşmağa məcbur olmuşdular”. 

Sədr müavini hesab edir ki, paytaxtda tıxacların digər səbəbi də regionlarda iş yerlərinin olmamasıdır:

“Təəssüf ki, bu gün kəndlərimiz boşalır. Bunun qarşısını almaq və regionlarda iş yerləri açmaq barədə düşünmək lazımdır. Məsələn, bəzi firmaları bölgələrə köçürmək və ya regionlarda filiallarını açmaq olar. Yəni rayonlarda və kəndlərdə istehsal sahələri ilə məşğul olan müəssisələr açılmalıdır. Beləliklə, həmin yerlərdə nə qədər insan işləyər. Bakıya təbii axının qarşısını almaq üçün bölgələrdə iş yerləri yaradılmalıdır”. 

Həmsöhbətimiz tıxacların digər səbəblərindən də söz açıb:

“Həmçinin, yük maşınlarının gündüz saatlarda yollarda olması da tıxacları artırır. Xüsusən də iri marketlərə yüklərin daşınması, boşaldılması da tıxacın yaranmasına səbəb olur. Bundan başqa, parklanma ilə bağlı da çox ciddi problemlər var. Əksər yolların həm sağında, həm də solunda avtomobil saxlayırlar. Bunlar da tıxacların yaranmasına gətirib çıxarır”. 

Ənvər Ağazadənin fikrincə, Bakıya insan axınını azaltmaq üçün universitetlərin bölgələrdə filiallarını açmaq olar:

“Məsələn, paytaxtda ən böyük tıxac “20 Yanvar” dairəsinin girişində olur. Çünki Sumqayıtdan Bakıya xeyli axın var. Onların əksəriyyəti də tələbələrdir. Amma Sumqayıtda başqa universitetlərin də filialları olsa, tələbələr elə orada təhsil ala bilərlər. Həmçinin, təhsilin keyfiyyətinə də diqqət etmək lazımdır. Yəni filiallardakı tədrisin keyfiyyəti aşağı olmamalıdır. O zaman hər kəs özünə yaxın universitetdə təhsil alar”. 

Onun sözlərinə görə, iş saatlarının eyni olması da tıxaclara səbəb olur:

“Bakıda işlər eyni vaxtda başlayıb, eyni vaxtda bitir. Əksər iş yerlərində və təhsil müəssiələrində iş saatları eyni olur. Bunu da tənzimləmək lazımdır. Yəni hamı eyni vaxtda işə gedib, eyni vaxtda işdən qayıdır. Bundan əlavə, hər uşağı da bir maşın aparır. Ən azından özəl liseylərin uşaqları aparıb-gətirmək üçün xüsusi servisləri olmalıdır. Bu da tıxacların müəyyən qədər azalmasına təsir edə bilər. Həmçinin, insanların həkimə eyni vaxtda getməsi də xəstəxanaların ətrafında tıxacların yaranmasına səbəb olur. Amma insanlar “onlayn növbə” götürüb xəstəxanaya getsə, tıxaclar artmaz”. 

Elmir Mustafa 
“Cebhe.info”