Azərbaycanda qızılca hələ də təhlükə olaraq qalır? - RƏYLƏR

Son 3 ildə Azərbaycanda qızılcaya yoluxma sayı minimuma ensə də, ötən ilin payızından qızılcaya yoluxanların sayı kəskin artıb.
Əsasən uşaqlar, məktəblilər arasında yayılan xəstəliyin ağırlaşması səbəbindən bir neçə uşaq həyatını itirib. Yaşlı insanların da xəstəliyə yoluxması və xəstəliyi ağır keçirməsi faktları qeydə alınıb. Bu səbəbdən müvafiq qurumlar əhali arasında peyvəndlənməyə başlayıb.
2023-cü ilin payızından tez-tez mətbuatda qızılcayla bağlı ölüm faktlarına rast gəlinirdi. Xəstəliklə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) də təsdiq etdiyi sonuncu ölüm faktı fevral ayına təsadüf edir.
Maraqlıdır, qızılca ilə bağlı təhlükə sovuşub?
Mövzu barədə "Cebhe.info"-ya danışan infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, qızılca çox sürətli yayılan xəstəlikdir deyə, onun alovlanması kimi azalması da sürətli şəkildə baş verir:
"Hazırda qızılca xəstəliyinə çox da rast gəlmirik. Son 2-3 həftədir ki, qızılca xəstəliyinin səviyyəsində azalma var. Yenidən artma ola bilər, amma bu ehtimal azdır. Çünki artıq həssas şəxslər bu xəstəliyə yoluxub və sağalıblar. Ola bilsin, heç qızılca xəstəliyi olmayan yerlərdə, kənd və rayonlarda alovlanma olsun. Amma bu ehtimal azdır".
Tanınmış pediatr Aytən İsmayılzadə isə bildirib ki, qızılca artıq bitib:
"Gün ərzində qızılca ilə bağlı müraciətlər olmur. Ola bilsin, sahə həkimlərinə müraciət olunur. Lakin bizə heç müraciət daxil edilmirsə, onlara da tək-tük sayda müraciətin olunduğunu deyə bilərik".
Ləman İsmayıl
"Cebhe.info"