Şagirdləri kənddən kəndə daşımaqdansa: “Evdə təhsilə keçilsin”

Şagirdləri kənddən kəndə daşımaqdansa: “Evdə təhsilə keçilsin”

“Hər il qəzalı məktəblərin sayı azalır. Birinci problem ondan ibarətdir ki, şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq”. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, 4 il bundan öncə 900-dən artıq qəzalı məktəb var idisə, bu il məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib: 

“Bununla belə, yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik. 

İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”. 

Qeyd edək ki, bu gün ucqar bölgələrdə çox az sayda şagirdi olan məktəblər var. Həmin məktəblərin şagirdləri əsasən qonşu kənd məktəbinə yönəldilir. Lakin bu da bir faktdır ki, bəzi məktəblər uzaq kəndlərdə yerləşir və qış aylarında uşaqların digər kəndə getməsi problemə çevrilir. 

Bunun üçün distant və ya evdə təhsil daha məqsədəuyğun deyilmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, elm və təhsil nazirinin 3-5 şagirdi olan məktəblərin iqtisadi baxımdan saxlanılmasının məqsədəuyğun olmaması ilə bağlı bəyanatı Azərbaycan təhsil sistemində kənd yerlərində kiçik məktəblərin vəziyyətini ön plana çəkir: 

“Bu problem iqtisadi, sosial və infrastruktur baxımından müxtəlif məqamlarla bağlıdır. Məktəblərin birləşdirilməsi prosesi isə xüsusilə uzaq kəndlərdə yaşayan şagirdlər və müəllimlər üçün müxtəlif çətinliklərə səbəb ola bilər. Xüsusilə maliyyə və resurslar baxımından az şagirdi olan məktəblərin saxlanılması çox vaxt effektiv olmur.

Bu məktəblərin saxlanılması böyük maliyyə xərcləri tələb edir, amma təhsil keyfiyyəti aşağı ola bilər, çünki az sayda şagirdlə kifayət qədər akademik inkişaf əldə etmək çətindir. 

Belə məktəblərdə çox zaman ixtisaslı müəllimlər çatışmır, tədris proqramlarının tam şəkildə icrası çətin olur və şagirdlərə sosial və akademik təcrübə çatışmazlığı baş verir. Məktəblərin birləşdirilməsi isə praktik bir addım kimi görünə bilər, lakin kənd yerlərində infrastruktur problemləri, məsafə və qış aylarında yolların bağlanması kimi çətinliklər bu addımın icrasını çətinləşdirir.

Kənddən kəndə uzun məsafələri qət etmək şagirdlərin təhsil prosesinə davamlı olaraq qatılmasına mane ola bilər”. 

Ekspertin sözlərinə görə, evdə təhsil xüsusilə uzaq kəndlərdə yaşayan şagirdlər üçün potensial olaraq daha məqsədəuyğun bir həll kimi irəli sürülə bilər: 

“Evdə təhsil modeli beynəlxalq səviyyədə də uğurla tətbiq olunan bir sistemdir. Bunun əsas üstünlükləri nədir? Uzaq məsafələri qət etmək məcburiyyəti aradan qalxır. O, həm də qış aylarında yolların bağlanması və ya şagirdlərin digər kəndlərə getməkdə çətinlik çəkməsi problemini həll edir. Şagirdlər evlərində qalıb müəllimlərdən fərdi və ya onlayn təhsil ala bilərlər. 

Evdə təhsil sistemində şagirdlərə fərdi yanaşma tətbiq edilir, onların təhsil ehtiyacları daha yaxşı qarşılanır və bu model şagirdin inkişaf tempinə uyğun olaraq tədris proqramını tənzimləməyə imkan verir. Uzaq kəndlərdə şagirdlər evdən çıxmadan təhsil ala biləcəkləri üçün onların ailələrindən uzaqlaşmaq məcburiyyəti aradan qalxır. Bu, ailə bağlarını və kənd icmasındakı sosial əlaqələri qoruyur”. 

Ekspertin fikrincə, evdə təhsilin tətbiqinin özünəməxsus çətinlikləri də var:

“Bəzi kənd yerlərində internet və ya texnoloji infrastruktur mövcud olmaya bilər. Evdə təhsilin effektiv olması üçün güclü rəqəmsal alətlər və internetə çıxış vacibdir. Evdə təhsil alan uşaqlar sinif yoldaşları ilə birbaşa ünsiyyətdən məhrum olurlar. Bu, onların sosial bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər, çünki məktəb həm də sosial inteqrasiya məkanıdır. 

Evdə təhsil zamanı valideynlər daha çox məsuliyyət daşımalıdırlar ki, bu da bəzən mümkün olmur. Çünki bəzi valideynlər təhsil prosesini izləmək və dəstək olmaq üçün kifayət qədər vaxta, resursa sahib olmaya bilərlər.

Beynəlxalq təcrübədə evdə təhsil müxtəlif ölkələrdə fərqli yanaşmalarla həyata keçirilir. ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə evdə təhsil geniş yayılıb və dövlət tərəfindən dəstəklənən proqramlarla həyata keçirilir. Bu ölkələrdə evdə təhsil almaq istəyən ailələr üçün xüsusi dövlət resursları, təhsil proqramları və tədris metodları mövcuddur. 

Evdə təhsil alan şagirdlər üçün müəyyən imtahanlar təşkil edilir ki, onların bilik səviyyəsi yoxlanılsın və dövlət standartlarına uyğun olub-olmadığı müəyyən edilsin. Skandinaviya ölkələrində isə kənd yerlərində kiçik şagird sayı olan məktəblərin saxlanılmasına üstünlük verilir. Bu ölkələrdə icmalar üçün məktəblərin sosial əhəmiyyəti ön plandadır və dövlət kiçik məktəblərin maliyyə xərclərini öz üzərinə götürür.

Bununla belə, uzaq kəndlərdə yaşayan şagirdlər üçün mobil məktəb proqramları və ya müəyyən dövrlərdə müəllimlərin şagirdləri fərdi qaydada ziyarət etdiyi sistemlər də mövcuddur. Lakin evdə təhsilin potensial mənfi təsirləri kimi sosial təcrid və inteqrasiya problemləri, müəllimlərlə birbaşa təmasın azalması, valideynlərin əlavə məsuliyyəti, psixoloji təsiri göstərmək olar.

Beləliklə, qeyd edim ki, 3-5 şagirdi olan məktəblərin saxlanılması iqtisadi baxımdan səmərəli olmaya bilər, lakin bu məktəblərin bağlanması və birləşdirilməsi şagirdlərin təhsilinə, sosial həyatına ciddi təsir edə bilər. 

Evdə təhsil modeli kəndlərdə müəyyən hallarda məqsədəuyğun bir həll kimi görünə bilər, lakin bu, texnologiya və valideyn dəstəyinə bağlıdır. 

Beynəlxalq təcrübəyə əsaslanaraq, bu sistemin uğurla işləməsi üçün dövlətin tədris prosesinə ciddi dəstək verməsi vacibdir. Evdə təhsilin mənfi təsirləri isə sosial təcrid, valideyn məsuliyyəti və şagirdlərin psixoloji vəziyyəti ilə bağlıdır, buna görə də hər bir hal fərdi olaraq dəyərləndirilməli və uyğun həll yolları seçilməlidir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”