Şəhid ailələri üçün qeyri-rəsmi nikah problemlər yaradır

Şəhid ailələri üçün qeyri-rəsmi nikah problemlər yaradır

Bəzi şəhid ailələri var ki, onlar ailə qursalar da, rəsmi nikahda olmayıblar.

Buna görə də qeyri-rəsmi nikahda olan şəhidlərin həyat yoldaşları şəhid ailəsi kimi tanınmır. Maraqlıdır ki, qanunda bu məsələ öz əksini necə tapır?

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, dünyasını dəyişən biri ilə nikah bağlanması heç cür mümkün deyil: 

"Təəssüf ki, bizdə də qanunla faktiki nikah tanınmır. Ona görə də birgə yaşayış tərəflər üçün heç bir hüquq və vəzifə yaratmır. Yalnız övladlar üçün üstünlüklər, hüquq və vəzifələr olur. Ancaq şəhid olan şəxsin faktiki yaşadığı qadın heç bir üstünlük əldə edə bilmir". Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəhid ailəsinin üzvlərinə ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr aid edilir: 

"Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Məcəllənin 9.4-cü maddəsinə əsasən, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır". 

Ləman İsmayıl 
"Cebhe.info"