Taksi sürücülərinə 77 manata təlim keçilir: Bəs sərnişinlər niyə narazıdır? 

Taksi sürücülərinə 77 manata təlim keçilir: Bəs sərnişinlər niyə narazıdır? 

Azərbaycanda ötən ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində sürücülərə təlimlər keçirilir.

Yeni qaydalara əsasən, sürücülərin xüsusi təlimlərdən keçmədən fəaliyyət göstərmələri yolverilməzdir. Lakin hələ bəzi taksi sürücüləri təlimlərdən keçməyib. Bunu sürücülərin sərnişinlərlə etik davranış qaydalarını qorumadığı hallarda da müşahidə etmək olur.

Maraqlıdır, keçirilən bu təlimlərdə sərnişinlə davranış qaydaları da öyrədilir? Təlim hansı mövzuları əhatə edir?

Qurumdan "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, indiyədək 14 mindən çox sürücü təlimlərdə iştirak üçün müraciət edib:

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir. Təlimlərdən keçmək üçün bu günədək 14 mindən çox sürücü müraciət edib. Onlardan 11 mindən çoxu təlimlərdə iştirak edib.

Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər". 

Məlumatda bildirilib ki, iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır:

"Təlimlər Nazirlər Kabinetinin təsdiq etdiyi proqrama uyğun olaraq keçirilir. Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.

İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib". 

Qed edək ki, təlimlər br neçə gün davam edir və sürücü tərəfindən 77 manat ödəniş olunur.

Naibə Məmmədova 
"Cebhe.info"