"Trendyol" məsələsi birdəfəlik bağlandı?

"Trendyol" məsələsi birdəfəlik bağlandı?

“Trendyol”un Azərbaycandakı satış mərkəzi ilə bağlı tədbirlər görülə bilər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, “Trendyol”un haqsız rəqabətə yol veriməsi ilə bağlı hallar aşkar edildikdə bu platformaya qarşı tədbirlər görüləcək.

Bu tədbirlərdən biri "Trendyol"un Azərbaycanda nümayəndəliyinin açılması, illik dövriyyə satış həcminin azı 30-40%-i qədər məhsulun Azərbaycandakı anbarlarda saxlanması və eləcə də gömrük vergi və rüsumlara cəlb edilməsi ola bilər.

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bildirdi ki, onlayn ticarət bazarında məhdudiyyətlər yox, rəqabət yönümlü imkanlar yaradılmalıdır.

Onun sözlərinə görə, klassik ticarətdə olduğu kimi, onlayn ticarətdə də ciddi rəqabət mövcuddur:

“Bazarda onlayn ticarət artıq yavaş-yavaş üstünlük qazanır. Pandemiya dövründə bu ticarət daha çox özünü büruzə verdi. Təəssüflər olsun ki, birliyə təkcə klassik ticarətdən yox, həmçinin onlayn ticarətdən də şikayətlər gəlir.

Qeyd edim ki, əhalinin “Trendyol”a xüsusi rəğbəti var. Çünki vətəndaşlar onlayn şəbəkələrin köməyi ilə xaricdən ucuz və keyfiyyətli mal gətizdirirlər. Əgər hökumət bunun qarşısını almaq üçün hər hansı sərt tədbir görərsə, biz buna qarşı çıxacayıq.

Hökumət məhdudiyyətlər tətbiq etmək əvəzinə yerli bazara yeni oyunçular gətirməlidir, onlar üçün münasib və uyğun şərait yaratmalıdır. Bu istiqamətdə addımların atılacağı halda “Trendyol” rəqabətdə uduzacaq.

Eyni zamanda hər bir idxalçı istəyir ki, bazarda üstünlük əldə etsin, monopoliya yaratsın. Belə şəraitdə hər bir ölkədə hökumət məhdudiyyətlərdən uzaq durmalı və onlayn bazara yeni subyektlərin daxil olması üçün imkanlar yaratmalıdırlar. Bundan başqa, əlverişli gömrük rüsumları tətbiq edilməlidir ki, subyektlər ondan yararlansınlar, üstünlük qazana bilsinlər”.

Yunis Abdullayev
Cebhe.info