Ya pulu qaytar, ya da: Ödənişsiz oxuyanlara təyinat verilə bilər

Ya pulu qaytar, ya da: Ödənişsiz oxuyanlara təyinat verilə bilər

Xüsusi təyinatlı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərlə daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə bağlanacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi nəzərdə tutulacaq.

Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi müəyyənləşəcək.

Qeyd olunan müqavilənin forması və çəkilmiş xərclərin hesablanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulacaq.

Qeyd edək ki, bu gün ölkədə bakalavriat təhsili alan yalnız xüsusi təyinatlı təhsil müəssisələri deyil, eləcə də dövlət ali təhsil müəssisələrində ödənişsiz təhsil alan tələbələrin sayı kifayət qədərdir. Bu da bir faktdır ki, hazırda məzunların işlə təminatı təyinat əsasında həyata keçirilmir.

Nadir hallarda MİQ imtahanından keçən müəllimlər istisna olmaqla ali məktəbi başa vuran məzunların əksəriyyəti isə çalışmaq üçün yalnız paytaxta üstünlük verir. Bunun nəticəsidir ki, bölgələrdə bir çox sahələr üzrə mütəxəssis, o cümlədən müəllim, həkim çatışmazlığı özünü göstərir.

Məsələn, bir sıra bölgələrdə nəinki həkim, heç tibb məntəqəsi belə, yoxdur. Bunun isə səbəbi odur ki, ATU-nu bitirən həkimlərin heç biri doğulduğu rayona, kəndə qayıdıb çalışmaq istəmir və Bakıda müxtəlif xəsətəxanalarda işə qəbul olunurlar.

Regionlarda, o cümlədən uzaq kəndlərdə yaşayan əhali isə problemlərlə üzləşməli olur. Əgər dövlət hesabına təhsil alan tələbə öz istəyinə uyğun iş seçimi edirsə, yəni regiondakı dövlət məktəbində dərs demək, dövlət xəstəxanasında çalışmaq istəmirsə, ya dövlətin onun üçün etdiyi ödənişi geri qaytarması, ya da o zaman ödənişli fakültələrdə təhsil alması daha məqsədəuyğun olardı.

Bu prosesi reallaşdırmaq və mövcud problemin qarşısını almaq üçün təyinat sisteminin bərpası, nə dərəcədə əhəmiyyətlidir?

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, ölkədə 50-dən artıq ali təhsil müəssisəsi var və onlardan 7-si xüsusi təyinatlıdır:

“Xüsusi təyinatlı təhsil müəssisləri DİN-in Polis Akademiyası, DTX-nin Dövlət Təhlükəsi Xidməti Akademiyası, DSX-nin Dövlət Sərhəd Xidməti Akademiyası, MN-in Bakı Ali ümumqoşun Komandirləri Məktəbi, DGX-nin Gömrük Akademiyası, FHN-in Fövqəladə Hallar Akademiyasıdır. Bu sahədə təklif də doğrudur.

Çünki dövlət hər bir təhsil alanın həmin təhsil müəssisəsinin növünə və tipinə görə maliyyələşdirilməsini həyata keçirir. Adından da göründüyü kimi bu təhsil müəssisələri xüsusi təyinatlıdır və bura sənəd verənlər bilməlidir ki, nəyə görə sənəd veriblər.

Bu təhsil müəssisələrini bitirdikdən sonra aidiyyəti nazirliyin əmri ilə müvafiq olaraq işlə təmin olunurlar. Əgər doğurdan da bu sahədə işləmək istəmirsə niyə həmin sahənin birbaşa ona aid olan təhsil müssisəsində təhsil almalıdır. Dövlət ona niyə vəsait ayırmalıdır. Halbuki o sahədə təhsil almaq istəyən yüzlərlə gəncimiz var. Onlarda təyinat var. Oxuduqdan sonra həmin sahədə işləmək istəməyənlər dövlətin onlara xərclədiyi vəsaiti geri qaytarmalıdırlar”.

Ekspert onu da qeyd etdi ki, bir çox hallarda bizim regionlarda müəllim və həkim çatışmazlığı var:

“2019-cu ildə ölkədə təhsil alan hər 100 nəfərdən 79-u ödənişli təhsil alırdı. 2022-ci ildə təhsil alan hər 100 nəfərdən 45-i ödənişli təhsil alıb. Həmin təhsil alanlardan da böyük qismini Təhsil Kredit Fondu maliyyələşdirir.

Ancaq bizdə digər təhsil müəssisələrində təyinat olmadığına görə, təklif verə bilmirik ki, kim dövlət hesabına oxuyub və gedib regionda işləmək istəmirsə o təhsil haqqını geri qaytarmalıdır. Bizdə müəllimlərin hazırda MİQ imtahanı var və regionlarda, məsələn, xarici dil, kimya, biologiya, coğrafiya fənni üzrə müəllim çatışmazlığı varsa, şəhər yerlərində bu çatışmazlıq yoxdur.

Xüsusilə də son illər MİQ imtahanın şəffaf keçirilməsi müəllim çatışmazlığını aradan qaldırmaqdadır. Ancaq həkim çatışmazlığı üçün ölkədə Azərbaycan Tibb Universitetində ayrılan yerlərin, eyni zamanda rezidentura yerlərinin sayı artırılmalıdır.

Eyni zamanda həkimlərin əməkhaqqında dəyişiklik olmalıdır ki, gedib regionlarda işləsinlər”.

Nigar Abdullayeva
Cebhe.info