Ağ Ev tələsir: İrəvan Bakıdan möhlət istəyir

Ağ Ev tələsir: İrəvan Bakıdan möhlət istəyir

“Azərbaycan və Ermənistan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə deyib. O bildirib ki, ABŞ prosesi dəstəkləməyə sadiqdir:

“Artıq sülhün vaxtıdır. Biz bu sazişə nail olmaq üçün çalışmağa davam edirik”, - deyə Metyu Miller qeyd edib. Ancaq Metyu Miller sözügedən irəliləyişin nədən ibarət olduğunu açıqlamayıb. Qeyd edək ki, bu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı razılaşmanın əldə olunduğuna dair Millerin ikinci açıqlamasıdır. ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin iyulun 11-də Vaşinqtonda keçirilmiş görüşündə irəliləyişin əldə olunduğunu demişdi. Lakin Metyu Miller sülh müqaviləsinin imzalanması üçün tərəflərin çətin seçim etməli olduğunu, əsaslı kompromislərə gedilməsinin vacibliyini vurğulamışdı. 

“Ona görə də biz onlar arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və sülh razılaşmasının əldə olunması istiqamətində çalışacağıq”,-deyə Miller bildirib. Bundan dərhal sonra “Hraparak” qəzetinin yaydığı bir xəbər tərəflər arasında razılaşmanın Ermənistan konstitusiyasına dəyişikliklə bağlı olduğuna dair qənaətin yaranmasına səbəb oldu. Adıçəkilən nəşrin iddiasına görə, Ermınistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək konstitusiya referendumunun 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra reallaşması üçün möhlət istəyib. İddiaya görə, Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsini istəməyən Azərbaycan tərəfi isə kompromis variant kimi buna razılaşıb. Lakin rəsmi Bakı Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına xitam verilməsində israr edir. 

Son vaxtlar Azərbaycan sülh prosesində yardımçı tərəf kimi iştirak edən üçüncü tərəflərlə aparılan danışıqlarda Ermənistan konstitusiyasına dəyişikliyin vacibliyini əsas şərt kimi irəli sürür. Əks təqdirdə, Azərbaycan sülh sazişini imzalamayacağını bəyan edir. Buna baxmayaraq, Ermənistanın atdığı son addımlar Nikol Paşinyan hakimiyyətinin sülhə hazır olmadığını göstərir. İyulun 20-də Böyük Britaniyanın Baş naziri Kir Starmerin təşkil etdiyi Azərbaycan və Ermənistan liderlərinin görüşündən Nikol Paşinyanın imtina etməsi Metyu Millerin optimist bəyanatları ilə ziddiyyət təşkil edir. 

“Hraparak” nəşrinin bu gün yazdıqları da ABŞ-dən fərqli olaraq, Ermənistanın sülhə tələsmədiyini deməyə əsas verir. Nəşr növbəti iki il ərzində sülh sazişinin mümkün olmayacağını qeyd edir. “Məsələ bundadır ki, Azərbaycan sazişin imzalanması üçün Ermənistan Respublikasının Konstitusiyasına düzəliş edilməsini ilkin şərt kimi irəli sürüb. Paşinyan isə Konstitusiya İslahatları Şurasına 2026-cı ilin dekabrında yeni konstitusiya konsepsiyasını təqdim etməyi tapşırıb. Digər ilkin şərt isə 30 ildən artıqdır ki, Qarabağ problemi ilə məşğul olan Minsk qrupunun buraxılmasıdır”,-deyə qəzet yazır. 

Göründüyü kimi, Ermənistan 2027-ci ilə qədər sülh müqaviləsini imzalamaqda maraqlı deyil. ABŞ hökuməti isə artıq sülhün vaxtı olduğunu xatırlatmaqla qarşılıqlı güzəştlər hesabına tərəflər arasında sazişin imzalanmasına nail olmaq istəyir. Doğrudur, Ermənistan sülh müqaviləsini iki ildən sonra imzalamağa hazır olduğunu rəsmən bəyan etməyib. Rəsmi Bakı sülh müqaviləsinin əsas prinsipləri üzrə razılığın əldə olunması təklifini səsləndirsə də, İrəvan hələlik buna cavab verməyib. Ermənistan sülh müqaviləsinin mətnini bir ay ərzində yekunlaşdırmağa və imzalamağa hazır olduğunu bildirir. Əslində, Ermənistanın təklif etdiyi bir ay müddətinin özü Azərbaycan qarşısında şərt kimi qoyulur. Yəni Paşinyan hökuməti Ermənistanın ərazi bütövlüyünün 29743 kv.km. tanınmasına dair bəndin sülh sazişinin mətninə əvvəlcədən daxil edilməsini, sərhədlərin 1991-ci il Almatı Bəyannaməsi əsasında delimitasiya və demarkasiya olunmasını, nəhayət Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik təklifindən imtina etməsini ön şərtlər kimi qarşıya qoyur. 

İrəvan bildirir ki, əgər Azərbaycan bu şərtləri qəbul edərsə, bir ay ərzində sülh müqaviləsi bağlana bilər. Rəsmi Bakı isə təbii ki, Azərbaycanın maraqlarına zidd olan bu təklifləri qəbul edə bilməz. Bu baxımdan, ABŞ çox güman ki, tərəfləri qeyd edilən üç şərtlə bağlı qarşılıqlı kompromisə getməklə qısa müddətdə Vaşinqton platformasında sülhə nail olmağa çağırır. 

Lakin Ermənistanın Azərbaycana qarşı iddialarından geri çəkilməməsi sülh danışıqlarında Millerin dediyi əhəmiyyətli irəliləyişin baş verdiyini şübhə altına alır. 

Müşfiq Abdulla 
"Cebheinfo.az"