ASALA terroru “dirildir”: Hədəfdə həm də Azərbaycan var

Ermənistan sosial mediasında ASALA erməni terror qruplaşmasının hökumətə müharibə elan etdiyini və ona qarşı terror aktları hazırladığını əks etdirən video yayılıb.
Görünür, işğalçılıq müharibəsindəki məğlubiyyətlə barışmaq istəməyən radikal erməni dairələri terrordan istifadə etməklə qisas almağa çalışır. Yayılan videomaterialda ASALA-nın Ermənistanın Baş naziri Nikol Paşinyanı və onun komandasını silahlı yolla məhv etməyi qarşısına qoyduğu aydın olur.
Bu isə Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra Ermənistanda siyasi qarşıdurmanın dərinləşdiyini göstərir. Sözügedən məlumat rəsmən təsdiqini taparsa, çox güman ki, Paşinyan hökuməti ASALA üzvlərinin aşkara çıxarılaraq saxlanılması üçün xüsusi əməliyyat keçirə bilər.
ASALA ilə bağlı xəbər Ermənistanın siyasi həyatında terrorun yenidən revanş götürdüyünü deməyə əsas verir. Ona görə də bu təhlükə yalnız Paşinyan hakimiyyətinə deyil, Azərbaycana və Türkiyəyə qarşı da yönələ bilər.
Ermənişünas alim Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanda terrordan siyasi mübarizə vasitəsi kimi istifadəsinə dair çağırışlar artır. Müharibədəki məğlubiyyətdən və ermənilərin əksəriyyətinin Qarabağı tərk etməsindən sonra terrorçu qruplaşmaların fəallaşması halları müşahidə olunur:
“Bu günlərdə ASALA terror təşkilatının üzvü Vazgen Sisiyan bununla bağlı açıqlama verib. O bildirib ki, ASALA fəaliyyətdədir və millətin ziyanına hərəkət edən adamları “aradan götürmək” tapşırığı olarsa, bunu yerinə yetirəcək. Qeyd edim ki, HƏMAS-ın və “Hizbullah”ın İsrailə qarşı müharibəyə başlamasından sonra erməni terror təşkilatlarının da fəallaşması ehtimalı yüksəkdir. Bir neçə il öncə “Nor ASALA” (Yeni ASALA) təşkilatının meydana çıxdığına dair məlumatlar yayılmışdı.
Onlar Paşinyanı da hədələmişdi. Hətta sabiq xarici işlər naziri Vilayət Quliyev də “ Yeni ASALA” terror təşkilatının onu hədələdiyinə dair bəyanat vermişdi. Hesab edirəm ki, İsrailə qarşı mühabədən istifadə edərək terrora üstünlük verə bilər. Onlar ermənilərin Qarabağı tərk etməsindən qəzəblidirlər və bu reallığı həzm edə bilmirlər. Bu baxımdan, Azərbaycan dövləti də bu təhlükəni zərərsizləşdirmək üçün ehtiyat tədbirləri görməlidir”.
Ekspertin sözlərinə görə, Ermənistan müxalifəti cəmiyyətdə siyasi nüfuzunu itirdiyinə görə Paşinyanı hakimiyyətdən devirmək cəhdləri baş tutmur. Bu səbəbdən, Baş nazirə sui-qəsd planlarını işə salmaq çağırışları edilir:
“Paşinyan 2026-cı ilə qədər Baş nazir olacaq. Ona görə də Paşinyanı “aradan götürmək” üçün terrordan istifadə edilə bilər. Erməni millətçisi, yazıçı Varujan Ter-Qulamyan öz müsahibəsində belə bir fikir səsləndirib:
“Bizim vətənpərvərlər harada qalıb? Niyə Paşinyanı “aradan götürmürlər?” Onlar terrorçulara vətənpərvər deyirlər. Yəni Ermənistanda terrora çağırışlar var. Əslində, terror erməni millətinin xislətindədir. Ermənilər tarixən terrordan istifadə edib. Yalnız ASALA deyil, NEMEZİS, “Hnçak”, “Daşnaksütyun”, “Yerkrapa” və digər terror təşkilatları ermənilərin siyasi mübarizə vasitəsi olub. Yəni ermənilər terrora meyillidir. Ona görə də ASALA-nın yenidən fəallaşması mümkündür”.
Müşfiq Abdulla
Cebhe.info